Advertisment

TMB Azərbaycan manatını mübadilə valyutaları siyahısına əlavə edib

Türkiyə Mərkəzi Bankı (TMB) tərəfindən mübadilə edilən xarici valyutalar siyahısına Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dirhəmi əlavə olunub.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, beləliklə, TMB-nin xarici valyuta cədvəlindəki valyutaların sayı 22-yə yüksəlib.

Qeyd edək ki, hazırda TMB tərəfindən mübadilə edilən xarici valyutalar siyahısına ABŞ dolları, Avstraliya dolları, Azərbaycan manatı, BƏƏ dirhəmi, Bolqarıstan levi, Çin yuanı, Danimarka kronu, avro, Cənubi Koreya vonu, Britaniya funt sterlinqi, İran rialı, İsveç kronu, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Qətər rialı, Küveyt dinarı, Norveç kronu, Pakistan rupisi, Rumıniya leyi, Rusiya rublu və Səudiyyə Ərəbistanı riyalı daxildir.