Hərbi Yönümlü Təşkilatlar İttifaqının və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli işğaldan azad edilmiş Ağdam rayonunun Babanlar və Saybalı kəndlərində şəhidlərin xatirəsinə ucaldılmış lövhələri ziyarət edib.
Herbiand.az xəbər verir ki, Emin Həsənli şəhidlərin xatirəsinin yaşadılması ilə yanaşı, müharibə veteranlarına və qazilərə ehtiram göstərilməsinin də mühüm mənəvi borc olduğunu vurğulayıb.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün qorunmasında və sonradan torpaqlarımızın işğaldan azad edilməsində müharibə iştirakçılarının, xüsusilə qazilərin böyük xidmətləri olub:
“Biz veteranlara, qazilərə ehtiram göstərməliyik. Şəhidlərimizin qanını alan, torpaqlarımızı azad edən, döyüş meydanında yaralanan silahdaşlarını xilas edən məhz qazilərimizdir. Onlar müharibənin canlı şahidləridir. Müharibənin od-alovunu görüblər, sağlamlıqlarını Vətən uğrunda qurban veriblər. Buna görə də hər kəs qazilərimizə sahib çıxmalı, onlara layiqli diqqət və qayğı göstərməlidir”.
Emin Həsənli qeyd edib ki, Vətən sevgisi şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə göstərilən ehtiramla ölçülür. Onun sözlərinə görə, qazilərə dəstək yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin və hər bir vətəndaşın məsuliyyətidir.
QHT rəhbəri ölkə üzrə qazilərin və qəhrəmanların xatirəsinin yaşadılması məqsədilə xüsusi parkların yaradılmasını təklif edib. O bildirib ki, bu təşəbbüs bütün rayon və şəhərlərdə həyata keçirilməli, həmin ərazilərdən olan müharibə iştirakçılarının fotoşəkilləri və döyüş yolu barədə məlumatlar park və muzeylərdə, eləcə də təhsil müəssisələrində nümayiş etdirilməlidir.
Emin Həsənli vurğulayıb ki, bu cür təşəbbüslər həm qəhrəmanların xatirəsinin gələcək nəsillərə çatdırılması, həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Aydın