Ölüm - varlıqdan varlığa gedən yoxluğun ilk və son dayanacağıdır... Ölüm - yetkinlikdən yetimliyə uzanan yolun sonuncu dayanacağıdır. Ayrılıq qatarının sonuncu fit səsidir...
Torpağın sərin nəfəsi üzümə dəyir, amma içimdəki o dondurucu soyuğu heç nə əridə bilmir. Qarşında dayanmışam, əzizim!
Səninlə bölüşdüyümüz neçə baharın, neçə payızın şahidi olan bu əllər indi bir daşın, bir torpaq təpəsinin üstündə titrəyir. Həmişə deyirdilər ki, uşağın yetim qalması ağırdır, bir körpənin arxasız böyüməsi ürək dağlayır. Bəs heç kəs düşünməyib ki, yaşlı adamın yetim qalması nə deməkdir? Sən gedəndən sonra, məni bu dünyada tək qoyub getdiyin andan bəri yaşadığım iztirab mənə əsl boşluğun və dərin tənhalığın nə olduğunu öyrətdi. Yaşlı yetimlik başqadır — o, xatirələrin ağırlığı altında əyilmək, keçmişin kölgəsində səssiz-səssiz ağlamaqdır.
Gözlərimi yumanda səninlə keçirdiyim həm xoş günlər, həm də ən çətin anlar bir film lenti kimi göz önümdən axıb keçir. Səni ilk gördüyüm gün dünənki kimi yadımdadır; baxışlarında gizlənən o təmiz işıq bütün ömrümə yol açmışdı. Hələ Tanrı bizə övlad payı verəndə evimizə, həyatımıza gələn o rəng, o əvəzolunmaz abu-hava... O vaxtlar elə bilirdim ki, xoşbəxtlik elə bu divarların, bu gülüşlərin, bu ortaq nəfəsin içində əbədi qalacaq. Çətinliklərimiz belə sənin yanında yüngülləşirdi, çünki əlimi tutanda dünyanın ən güclü adamı olurdum.
Mən dünya anlayışının əslində elə sən olduğunu sənin yoxluğunda anladım. Sən varsansa, hər yer abad, hər gün bahardır; sən yoxsansa, ən geniş aləm belə dar qəfəsə çevrilir. Kaş ki gücüm çatardı, bizim səninlə yazdığımız həyat kitabının səhifələrini geri qaytarıb yeni sətirdən yazardım. Hər səhvə, hər gecikmiş sözə, hər ötürülən anın qədrini daha dərindən bilməyə yenidən başlayardım. Amma zaman amansızdır, səhifələr çevrilib, mürəkkəb quruyub.
Bilirsən, əzizim, həqiqətən də ümid ölmürmüş. Bu qədər qaranlığın, bu qədər sükutun ortasında sarıldığım yeganə ümid səninlə cənnətdə yenidən görüşməyimdir. O görüşün xəyalı ilə nəfəs alıram. Sən demə, mən səni torpağa verəndə öz dünyamı və həyatımı da səninlə birlikdə torpağa vermişəmmiş. İndi bədənim bu dünyada gəzir, amma ruhum sənin yanında uyuyur.
Sən rahat yat o dünyada, əzizim, yorğunluğun bitsin, ağrıların unudulsun. Mən isə gecələri bu dünyada səndən sonra yata bilmirəm , çünki yuxularım belə sənin yoxluğunla oyanır.
İndi bildinmi, ölüm nədir, əzizim?!
Tural İbrahim
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü