Advertisment

Təlimdə həlak olan hərbçilər şəhid sayılırmı? – VƏ YA AYRI-SEÇKİLİYİ KİM YARADIR?

Təlimdə həlak olan hərbçilərin şəhid hesab olunub-olunmaması sualına hələ də birmənalı cavab verilməyib. Azərbaycanda təlimdə həlak olan hərbi qulluqçuların bir qisminə şəhidlik status verilsə də, digər qisminə verilməyib.

DSX-nın məlum helikopter qəzasından sonra Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev birmənalı şəkildə bildirmişdi ki, təlimdə həlak olan hərbçilər şəhid hesab olunur və bu qəzada həyatını itirən hərbçilər şəhid statusu aldılar.

2008-ci il yanvarın 29-da döyüş hazırlığı planı əsasında kapitan Əfqan Aslanov və təlimatçısı polkovnik-leytenant  Fəxrəddin Əsgərov MiQ-29 təyyarəsi ilə hərbi təlim planına uyğun olaraq təyyarə Xəzər dənizi üzəridə Şuraabad qəsəbəsi istiqamətinə qəzaya uğraması nəticəsində həlak olurlar. Aparılan axtarışlar nəticəsində kapitan Əfqan Aslanovun nəşi tapılıb dəfn edilir. Lakin Fəxrəddin Əsgərovun nəşi tapılmır.

Hadisədən 14 il keçməsinə baxmayaraq pilotlarımızın şəhid statusunu almayıb.

Hərbi Pilot polkovnik-leytenant Rəşad Atakişiyevin isə şəhid statusu o həlak olandan xeyli müddət sonra təsdiq olundu. Rəşad Atakişiyev 24 iyul 2019-cu ildə təlim uçuşu zamanı həlak olmuşdu. Ona şəhidlik statusu isə 7 may 2021-ci ildə verildi.

Amma Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş, 9 medalla təltif olunmuş Kamil Məmmədov statusu təsdiq olunmayıb. Ötən il yanvar ayının 15-də hərbi təlim zamanı içərisində olduğu “Ural” hərbi maşın qəzaya uğrayıb və Kamil ağır xəsarət alıb, komaya düşüb. Ancaq həkimlərin səyinə, müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, 13 gündən sonra, yanvar ayının 28-də dünyasını dəyişib. Hərbçilərin, döyüş, xidmət yoldaşlarının iştirakı ilə Şəhid kimi dəfn olunub…

Bu yerdə bir haşiyəyə çıxıb qardaş Türkiyədən bu halların necə tənzimləndiyini yada salaq. Qardaş ölkədə hərbi qulluqçu hərbi xidmətdə olduğu müddət ərzində, istər təlim zamanı, istərsə də döyüş zamanı həlak olursa ona şəhidlik statusu verilir.

Qayıdaq Azərbaycana.

Şəhidlik statusunun hansı hallarda verilir? Təlimdə həlak olanların bəzilərinin diqqətdən kənarda qalması nə ilə bağlıdır?

Bu suallara aydınlıq gətirmək üçün hərbi ekspert Ədalət Verdiyevə müraciət etdik.

Hərbi ekspert bildirir ki, bu məsələ müvafiq qaninla tənzimlənir:

“Şəhid adının  əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər”  haqqında Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü  uğrunda həlak olan, hərbi əməliyyatlarla bağlı olaraq itkin düşən  və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən  şəxslərin və onların ailələrinin  statusunu, sosial  müdafiəsini tənzimləyən qaydalar müəyyən edir. Odur ki, əgər biz  helikopter qəzasında və ya ondan əvvəl baş verən MİQ-29 qəzasında həlak olan polkovnik-leytenant  Rəşad Atakişiyevə şəhidlik statusunun verilməsinin şahidi olmuşuqsa, o zaman, bunlardan əvvəl də təlim uçuşu zamanı  həyatını itirən polkovnik- leytenant Fəxrəddin Əsgərov  və kapitan Əfqan Aslanova da  bu status verilməlidir. Çünki  onların həlak olması şəraiti arasında  heç bir ciddi fərq yoxdur.

Hərbi eksper əlavə olaraq qeyd edir: “Qanunda da   vurğulandığı  kimi döyüş əməliyyatlarından kənar  şəraitdə  həlak olan hərbçilərin şəhidlik statusunu almasına imkan vermirdi. Lakin hər hansı nüansları, faktları nəzərə alaraq pilotların bəzilərinə şəhidlik statusu verilibsə, o zaman, digər pilotlarında qəza şəraitində  həlak olması nəzərə alınmalı,  və onlara da şəhidlik statusu verilməlidir.  Belə ayrı-seçicilik edilməsi məqsədəuyğun deyil, bu hərbi qulluqçular arsında  müəyyən narazılıqlara səbəb olacağı da əvvəlcədən məlum idi. Odur ki, aidiyyatı güc strukturları  rəhbərləri bu faktları mütləq nəzərə almalıdır və bu  ayrı- seçkiliyə yol verməməlidirlər”.

Emin Şirvanzadə