Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin öz səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olması barədə vaxtaşırı həm rəsmi, həm də qeyri-rəsmi dairələr fikirlərini bildiri. Rusiya sülhməramlılarının növbəti addımı Azərbaycan tarixini saxtalaşdırmaqla bağlı olub.
Rusiya Müdafiə Nazirliyin rəsmi saytılnda sülhməramlıların fəaliyyəti ilə bağlı gündəlik bülletünlər və informasiyalar yerləşdirilir. 14.12.2021 tarixdə “Более 250 паломников и жителей Нагорного Карабаха посетили монастырь Амарас за неделю при содействии российских миротворцев” (Rusiya sülhməramlılarının köməyi ilə bir həftə ərzində 250-dən çox zəvvar və Dağlıq Qarabağ sakini Amaras monastırını ziyarət edib) başlığı ilə informasiya yerləşdirilib.
Əvvəlcə informasiya gizlədilən fakt barədə:
Erməni mənbələrdən əldə olunan informasiyalara görə, göstərilən müddətdə Amaras monastırını ziyarət edən zəvvarlar arasında Ermənistan parlamentinin deputatları da olub. Bu fakt Rusiya sülhməramlılarının öz vəzifələrini icrasında Azərbaycanın dövlət maraqlarını nəzərə almadığını göstərir. Məlumdur ki, Ermənistan parlamentinin üzvlərinin Azərbaycanın suveren ərazilərinə gəlişinə XİN etirazını bildirmişdi. Amma bu etiraza baxmayaraq onların Laşin dəhlizi vasitəsi ilə Azərbaycana gəlişi və hətta Amaras monastırını ziyarət etmələri də təmin olunmuşdu. Əlbəttə hər bir erməninin ermənilər üçün müqəddəs hesab olunan məkanı ziyarət etməsi normal haldır. Amma bu səfərin sadəcə bir ziyarət olmadığı və Ermənistandakı revanşıst qüvvələrin separitizmi alovlandırmağa hesablanmış cəhdi olduğu gün kimi aydındır. Və sülhməramlılar tərəfindən buna imkan verilməsi Azərbaycanın maraqlarına cavab vermir.
İndi isə sülhməramlıların tariximizi saxtalaşdırmaq faktı barədə:
Rusiya Müdafiə Nazirliyin yaydığı informasiyada belə bir təqdimata rəst gəlirik – “Амарас является одним из раннесредневековых христианских монастырей и расположен на территории Мартунинского района. В средневековой Армении имел статус известного религиозного и культурного центра”. (Amaras erkən orta əsr xristian monastırlarından biridir və Martuni bölgəsində yerləşir. Orta əsrlərdə Ermənistanda o, məşhur dini və mədəniyyət mərkəzi statusuna malik idi.)
Birincisi – Amaras qədim Alban məbədidir. Və erkən orta əsrlərdə də məhz Alban məbədi kimi fəaliyyət gösətərib.
İkincisi – Amarasın “Orta əsrlərdə Ermənistanda o, məşhur dini və mədəniyyət mərkəzi” kimi təqdim olunması monastırın yerləşdiyi ərazinin Ermənistan olduğu və ermənilərin buranın aborigen əhalisi olduğu təsəvvürü yaradır ki, bu da tarixi yanlışlıq olmaqla yanaşı Azərbaycanın milli maraqlarının ayaq altına atılmasıdır.
Bu yanlışlığın təsadüfən edildiyi və yaxud da üslub yanlışlığı olduğunu söyləmək olmaz. Tarixi yanlışlıq Ermənistan parlamentinin deputatlarının gəlişi kimi düşünülmüş və Azərbaycanın maraqlarına zərbə vurmaq üçün istifadə olunan informasiya müharibəsi elementidir. Və bunun qarşısı alınmalıdır.
Asəf Quliyev