İkinci Dünya Müharibəsində faşizmi üzərində qələbənin qazanılmasında həlledici şücaət göstərmiş həmvətənlərimiz az deyil.
Göstərdiyi qəhrəmanlıq və şücaətə görə Azərbaycandan 170 mindən çox əsgər orden və medallarla təltif edilib, 125 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Qəhrəmanlardan 14 nəfəri ölümündən sonra təltif edilib.
Belə qəhrəman həmvətənlərimizdən biri tank qoşunlarının qvardiya general-mayoru Həzi Aslanov isə bu adı iki dəfə layiq görülüb.
Azərbaycanlı general-mayor, Sovet Ordusunda taqım komandirliyindən qvardiya general-mayoru rütbəsinə qədər yüksələn Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhəri Gərmətük kəndində anadan olub.
Atasını erkən yaşda itirən Həzi az sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə daxil olub. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra Leninqrad süvari məktəbində təhsilini davam etdirib.
Uğurlu nəticə ilə ikiillik təhsilini başa vuran Həzi xidməti yerinə göndərilir. O, bacarıqlı olduğu üçün qısa müddət ərzində mayor hərbi rütbəsini vaxtından əvvəl alır. Beləliklə Həzi Aslanov müharibəyə mayor kimi başlayır.
İştirak etdiyi bütün əməliyyatlarda fərqlənən Həzi yuxarı komandanlıq tərəfindən mükafatlara layiq görülüb.
1941-ci il iyunun 23-nə keçən gecə Həzi Aslanovun batalyonu qeyri bərabər döyüşə girir. Özü bu haqda belə yazır:
"1941-ci il iyunun 23-nə keçən gecə alman aviasiyası basqın etdi. Bomba tökməyə başladı. Dan yeri ağaranda biz qeyri-bərabər döyüşə girdik”.
1941-ci ilin dekabrında mayor Aslanov Moskva yaxınlığındakı tarixi döyüşdə iştirak edir. Moskva ətrafında alman ordsunun 60-dan artıq diviziyası şəhəri ələ keçirmək üçün cəmləşdirilmişdi.
Mojaysk tərəfdə döyüşən sovet atıcı bölmələrindən biri mühasirəyə düşür və bu atıcı bölməni mühasirədən qurtarmaq üçün mayor Aslanova əmr verilir. Güclü döyüş taktikası ilə Aslanov mühasirə yaradan alman ordusunun top və pulemyot atəş nöqtələrini məhv etməyi bacarır. Bu əməliyyat zamanı Aslanovun olduğu tankın sürücü-mexaniki ağır yaralanır və o, tankı özü idarə edərək taqımlara komandanlığı davam etdirə bilir. 40-dan artıq döyüş avtomobili və yüzlərlə şəxsi heyət mühasirədən çıxır. Həzi Aslanov Moskva ətrafında gedən döyüşlərdəki qəhrəmanlığına görə “Qırmızı Ulduz” ordeninə layiq görülür.
Aslanov 1941-ci ilin sonlarında iştirak etdiyi döyüşlər barəsində yazırdı:
“Şiddətli döyüşlərlə Xarkova qədər geri çəkildik."
Xidmətdə fərqlənən Həzi Aslanov 1942-ci ilin əvvəlində Moskvaya çağırılır. O Krıma göndərilir və 55-ci əlahiddə tank briqadasında, briqada komandirinin müavini vəzifəsinə təyin edilir.
1942-ci il Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə düşmənə ağır zərbələr endirdiyinə görə polkovnik-leytenant hərbi rütbəsinə layiq görülür. Elə həmin ilin dekabr ayının 22-də Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.
1944- cü il 13 mart tarixində Həzi Aslanov general-mayor ali hərbi rütbəsinə layiq görülür. Ümumiyyətlə, Həzi Aslanov 1944- cü ildə Ordu rəhbərliyi tərəfindən 8 dəfə “Təşəkürnamə” alır.
1944- cü ildə “İkinci Dərəcəli Suvorov” ordeninə layiq görülən Həzinin tabeliyində olan 35-ci qvardiya tank briqadası “Qımızı bayraq” ordeni ilə təltif olunur.
Və beləliklə...
Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında , 15 nəfərə yaxın yüksək rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanır. 23 saat sağ qalır. Onu Moskvaya aparmaq üçün təyyarə göndərilir. Ancaq Həzi Aslanov yolda vəfat edir...
1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də o bu halal adına 1991-ci ildə qovuşur.
Emin ŞİRVANZADƏ