Advertisment
  • 170
  • 09-02-2022 12:31

Kürün suyu azalır - “Bu gedişlə yayda vəziyyətimiz necə olacaq, bilmirik...”

 Kür çayında suyun səviyyəsinin  son günlər sürətlə azaldığı müşahidə olunur. Çayın Salyan, Neftçala, Sabirabad ərazisindən keçən hissəsində vəziyyət daha ciddi hal alıb. Salyan rayonunun Çuxanlı kənd sakinləri virtualaz.org-a deyiblər ki, son 1-2 ildir qışda Kürün səviyyəsinin aşağı düşməsinin şahidi olurlar. Halbuki  əvvəllər belə halla qarşılaşmayıblar və  adətən qış aylarında çayda sululuq dövrü olurdu. Sakinlər narahatdır ki, Kürün suyunun bu cür azalması davam edərsə, yaz-yay aylarında nəinki suvarma suyuna, hətta içməli suya da həsrət qalacaqlar.  

Çuxanlı kənd bələdiyyəsinin sədri Zaur Vahidov bildirib ki, Kürdə suyun səviyyəsinin aşağı düşməsi səbəbindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə iclas keçirilir: “Hazırda (fevralın 7-də,-red.)  iclasdır və Kürdə suyun səviyyəsinin azalması problemi mütəxəssislərin iştirakı ilə müzakirə edilir”, - bələdiyyə sədri deyib. Əlavə edib ki, Kürdə suyun səviyyəsinin azalması hələ ki kənddə içməli su problemi yaratmayıb.

 

Rayonun Kür Qaraqaşlı kənd sakinləri isə bildiriblər ki, təxminən 4-5 gündür Kürün səviyyəsi  xeyli aşağı düşüb: “İndi həftədə 3 dəfə su verilir, yayda vəziyyətimiz necə olacaq, təxmin edə bilmirik. Hələlik biz Çuxanlı kəndi qədər problem yaşamırıq”, - sakinlərdən biri danışıb.

Neftçala sakinləri isə deyiblər ki, yaxın gələcəkdə ciddi su problemi ilə qarşılaşacaqlarına əmindilər. Çünki yaşlı sakinlər belə Kürün bu səviyyədə qurumasının heç vaxt şahidi olmayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva virtualaz.org-a bildirib ki, həqiqətən bu ilin yanvar ayından fevralın 7-dək Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur. Zərdabda suyun səviyyəsi 91 sm, Şirvanda 32 sm, Salyan məntəqəsində 60 sm, Neftçalanın Bankə qəsəbəsində 7 sm azalıb.

 

“Hazırda ölkə üzrə çaylarda azsulu dövr müşahidə olunur. Çünki dağlıq ərazilərdə yağıntılar əsasən qar şəklində yağır. Çaylarda adətən suyun həcmi yazda -aprel ayından başlayaraq iyun ayınadək çoxalır. Bu zaman gursululuq dövrü müşahidə olunur”, - Tağıyeva deyib.

Xidmət rəisinin sözlərinə görə, aprel-may aylarında temperatur artacaq, dağlıq ərazilərdəki qar əriyəcək. Üstəlik, bu dövr yağıntılar da çox olur. Yağıntıların və əriyən qarın hesabına çaylarda nisbətən su artır: “Çaylarda suyun səviyyəsinin aşağı düşməsi mövsümü xarakter daşısa da, bir məqamı nəzərə almalıyıq. İqlim dəyişmələri səbəbindən nəinki Azərbaycanda, regionda, hətta bir çox ölkələrdə yağıntıların qeyri-bərabər paylanması, yağıntılı, qarlı, şaxtalı günlərin azalması müşahidə edilir. Bu isə, ölkənin su ehtiyatlarına, o cümlədən Kür çayında sululuğa mənfi təsir göstərir”.

 

Umayra Tağıyeva

Qlobal iqlim dəyişikliyi nəticəsində son dövrlər Azərbaycanda da  yağıntılar az düşür. Üstəlik Kür çayına qarışan kiçik dağ çaylarının mənbəyində yerləşən dağlıq ərazilərdə (Gədəbəy, Tovuz, Şəmkir) bu qış aylarında da yağıntıların miqdarı olduqca az olub. Məsələn, Gəbəbəy sakinləri deyirlər ki, qış girəndən cəmi 2-3 dəfə qar yağıb, amma yağan qarı çox keçmədən güclü küləklər sovurub. Kiçik çaylarının başlanğıc götürdüyü dağlarda isə hazırda qar çox azdır. Ona görə də, bu gedişlə heç yazda da çaylarda sululuq ciddi ölçülərdə artmayacaq.

“Əvvəllər dağlarda qar örtüyünün qalınlığı metrlərlə ölçülərdi, martın sonlarından başlayaraq bu qar tədricən əriyərdi və dağ çaylarında may-iyun aylarına qədər gur sululuq müşahidə olunardı. İndi isə qışın ən şiddətli vaxtıdır, amma qar yoxdur, dağlar çılpaqdır. Çaylarda da su kəskin azalıb”, - Gədəbəy sakinlərindən biri deyib.

 

U.Tağıyeva isə bildirir ki, bu qış məsələn, yanvarda ölkənin Şimal-Qərb rayonlarında, Balakən-Şəki bölgəsində də yağıntılar normanın cəmi 32-50 faizini təşkil edib. Doğrudur, bir neçə qarlı günlər qeydə alınıb, lakin belə havalar daha çox Şərq bölgəsində müşahidə edilib. Quba-Xaçmaz bölgəsində yağıntılar normadan çox olub. Bu amillər də ölkədəki su ehtiyatlarına mənfi təsir göstərir. “Hazırda fevral ayıdır, ancaq  müsbət 14 dərəcə temperatur qeydə alınır, bu, normadan yüksəkdir. Belə vəziyyət su ehtiyatlarına təsirsiz ötüşmür”, - mütəxəssis deyib.

Coğrafiya İnstitutunun Qurunun Hidrologiyası və Su Ehtiyatları şöbəsinin müdiri, professor  Rza Mahmudov isə bildirib ki, çayları formalaşdıran iqlim şərtləridir, iqlimdə baş verən dəyişikliklər isə özünü çayların sululuğunda büruzə verir. Son 30 ilin tədqiqatları göstərir ki, təkcə Azərbaycanda deyil, bütün dünyada çaylarda sululuq səviyyəsi azalır.

 

“Temperaturun, buxarlanmanın artması, o cümlədən yağıntıların, qar örtüyünün azalması səbəbindən  çaylarda rejim dəyişiklikləri baş verir, illik axınlar azalır. Gur sulu çayların gursululuq dövrü azalmağa başlayır. Eləcə də Kür çayında baş verənlər iqlimin dəyişməsinin nəticəsidir”, - R.Mahmudov qeyd edib.

Aparılan tədqiqatlar göstərir ki, son 20-25 il ərzində bütün çayların illik axını azalıb. Azalma Xəzər dənizində də müşahidə edilir. Çünki Xəzərə tökülən çayların axını azalır. R.Mahmudov hesab edib ki, təbiətdə baş verən müəyyən proseslərin qarşısını almaq mümkün deyil. Ancaq elmi cəhətdən proqnozlar vermək, eləcə də sudan səmərəli istifadə etmək lazımdır: “Kür çayının  hər damlasının qədrini bilmək, sudan məqsədli, düzgün istifadə etmək lazımdır. Azərbaycan  su ehtiyatları nisbətən az olan ölkədir”.

 

 

Rza Mahmudov

Meliorasiya və Su Təsərrüfatı ASC-nin meliorasiya və su təsərrüfatı obyektlərinin istismarı şöbəsinin müdir müavini Qulu Kərimov isə deyib ki, qlobal iqlim dəyişikliyi nəticəsində  Kürdə suyun səviyyəsinin azalması, eləcə də su ehtiyatlarının 70 faizinin qonşu dövlətlərin ərazisində formalaşaraq ölkəmizə daxil olması səbəbindən 2014-cü ildən başlayaraq su qıtlığı artır. Su anbarlarına lazimi ehtiyatların yığılması çətinləşir.

Müdir müavini deyib ki, bununla belə, görülən işlər müsbət nəticə verir, ötən il 1 milyard kubmetrdən artıq su ehtiyatı yığılıb. Su ehtiyatlarının bölüşdürülməsi ciddi rejimdə aparılır. Nəzarətdənkənar qoşulmaların qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir.

Elə ötən gün fevralın 7-də  Nazirlər Kabineti yanında Su ehtiyatlarından səmərəli istifadə üzrə komissiyanın 15-ci (onlayn) iclası keçirilib.

Nazirlər Kabinetindən yayılan məlumatda deyilirdi ki, baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə keçirilən iclasda Komissiyada təmsil olunan müvafiq dövlət qurumlarına və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına o cümlədən Mingəçevir su anbarından başlayaraq Kür çayının mənsəbinə qədər Kür çayı hövzəsi üzrə su ehtiyatlarından səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə inteqrasiyalı idarəetmə mexanizminin tətbiqinə dair zəruri tapşırıqlar verilib.

Ü.Xudiyeva
(
virtualaz.org)