Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyev “Kriminalqafqaz”a bildirib ki, 1993-cü ildə Nəcməddin Sadkovun dövlətə xəyanətə görə tutulması barədə qərarı olub.
Həmin cinayət işinin istintaqı barədə arayış verən Kamal Əliyev sənəddə həmin vaxt Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əmri ilə “Çeildağ” əməliyyatının bir gün təxirə salınmasını göstərib. Əməliyyatın bir təxirə salınması 82 azərbaycanlı hərbçi tələyə salınaraq öldürülüb və ya itkin düşüb:
“Döyüş əməliyyatının bir gün yubandırılmaqla keçirilməsinə görə hərbçilərimiz ermənilər tərəfindən Əfqanıstanda Sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuş “Oqnevoy meşok” deyilən tələyə salındı və nəticədə 82 hərbi qulluqçu öldü. Əməliyyatın nəticələri ilə bağlı Nəcməddin Sadıkov, Müdafiə nazirinin müavini Elbrus Orucov, nazirliyin Əməliyyat idarə rəisi Vasyak Aleksandr Petroviç və digərləri raportlar yazıb müvafiq izahatlar tərtib etdilər. Həmin raportda göstərilmişdi ki, “Çeildağ” əməliyyatının acınacaqlı sonla nəticələnməsinin səbəbi o zamankı N saylı hərbi hissənin komandiri polkovnik-leytenant Talıb Məmmədovun şəxsi heyət və texnikanın əməliyyatdakı iştirakını qəsdən təmin etməməsi olub”.
Herbiand.az o dövrün hadisələrini araşdıran zaman maraqlı bir video əldə edib. Bu materiallardan aydın olur ki, cəbhə xəttində Azərbaycan Ordusunun uğursuzluqlara düçar etmək təkcə ərazilərin ermənilər tərəfindən işğalına şərait yaratmaq deyildi. Bu təxribatların və xəyanətlərin arxasında daha “böyük məqsəd” dayanırdı. Məqsəd Ağdam istiqamətində döyüşən könüllülərin Bakıya hücumunu təşkil etmək və bununla da ölkədə xaos, anarxiya yaratmaq idi.
Əldə olunmuş videomaterialda Ağdam batalyonunun komandiri Cəfər ləqəbli Yavər İmaməliyev Azərbaycan Televiziyasının xüsusi müxbiri Allahverdi Əsədova müsahibə verir. Xatırladaq ki, Ağdam işğal olunduqdan sonra yerli özünümüdafiə batalyonlarının könüllüləri Yavər İmaməliyevin ətrafında birləşərək düşmənə müqavimət göstərmişdi.
Müsahibə zamanı Ağdamın Güllücə və Qərvəd kəndlərinin işğalının səbəbləri barədə fikir öyrənmək istəyən Allahverdi Əsədovun suallarını cavablandıran Yavər İmaməliyev bildirir ki, bu iki kəndin düşmənə verilməsində məqsəd Ağdam batalyonunu Bakıya hücum etməyə təhrik etmək idi.
Şahidlərin dediyinə görə, Cəfər İmaməliyevin girov götürmək istədiyi yüksək çinli məmur məhz Nəcməddin Sadıkov olub. Onların arasında ciddi mübahisə və münaqişə olduğu da bildirilir. Lakin həmin dövrdə bu addımın dövlətə qarşı çıxmaq kimi qiymətləndirilə biləcəyindən ehtiyatlanan və daha ağır nəticələr verə biləcəyindən ehtiyatlanan Ağdam batalyonu bu addımı atmır. Amma təxribatlar nəticəsində Ağdamın Qərvənd və Güllücə kəndləri işğal olunur.
Araşdırmalarımız davam edəcək.