Avropa Sinxrotron Radiasiya Mərkəzində (ESRF) çalışan alimlər koronavirusdan vəfat edən insanın ağciyərlərini indiyə qədər hazırlanmış ən güclü rentgen sistemi ilə görüntüləyiblər. Bu görüntülər virusun ağ ciyəri necə darmadağın etdiyini əks etdirir. virtualaz.org xəbər verir ki, “National Geographic” dərgisinin yaydığı fotolar dünyada geniş rezonansa səbəb olub.
Fransanın Qrenobl şəhərində yerləşən, professor Paul Tafforeaunin rəhbərlik etdiyi araşdırma mərkəzində aparılan tədqiqatlar zamanı koronavirusdan ölən 54 yaşlı kişinin ağ ciyərlərinin görüntüsü dünyanın ən güclü və ən parlaq rentgen şüaları ilə çəkilib. Daha əvvəl bu görüntüləmə sistemi ilə fosillərə və mumiyalara baxan mütəxəssislər ilk dəfə olaraq COVID-19-un ağciyərlərə vurduğu zərəri bu cür aydın şəkildə nümayiş etdiriblər.
Fotoda koronavirusdan ölən 54 yaşlı kişinin ağ ciyərinin rentgen görüntüsü: ağ-mavi hissələr ağ ciyərin hava boşluqlarıdır, qırmızı rəngli damarlar isə açıq qan damarlarıdır. Fotoda sarı rəngdə görünən damarlar isə COVID-19 səbəbindən tıxanmış qan damarlarıdır və göründüyü kimi, virus ağ ciyərin qan damarlarının böyük əksəriyyətinin tutulmasına, ağ ciyər kapillyarlarında tromb yaranmasına səbəb olub.
Koronavirusdan vəfat edən şəxsin ağciyərinin vəziyyəti alimləri də təəccübləndirə bilib. Görüntülərə əsasən koronavirusdan ölən xəstənin ağciyərindəki damarların ciddi şəkildə zədələndiyi, bir çox damarların isə tutulduğu görünür. Bu texnika ilə bədəndəki ən kiçik damarı, hətta hüceyrəni müayinə edə bilən alimlər virusun vurduğu zərəri və ağciyərdəki damarların necə sıradan çıxdığını müəyyən ediblər.
İngiltərədə aparılan digər araşdırma isə uzun müddətli COVID-19 simptomları müşahidə edilən insanların ağciyərlərində gizli qalıcı zədələr yarana biləcəyini göstərib. Alimlər araşdırmalarda ilk dəfə ksenon qazının skanerindən - qoxusuz, rəngsiz, dadsız və kimyəvi cəhətdən reaktiv olmayan qazdan istifadə ediblər.
Araşdırma Oksford Biotibbi Araşdırmalar Mərkəzi tərəfindən aparılıb. Alimlər koronavirusu yüngül keçirən, amma daha sonra nəfəs darlığından əziyyət çəkənlərin ağciyərlərində anormallıqları aşkar etmək üçün ksenon qazı skaneri ilə müayinə aparıblar. Müayinədən keçən xəstələrin, xüsusən də tez-tez tənəffüs problemi yaşayanların, həmçinin xəstəxanaya yerləşdirilməyən, lakin uzun müddətdir simptomlar müşahidə edilənlərin ağciyərlərində qalıcı zədələnmələr aşkar edilib.
Aparıcı tədqiqatçı Emily Fraser bildirib ki, araşdırmada xüsusilə nəfəs darlığı problemi ilə qarşılaşanlar və koronovirusdan sonra nəfəs almaqda çətinlik çəkənlər üçün əhəmiyyətli nəticələr əldə edilib. Araşdırma gələcəkdə nəfəs darlığı olanların müalicəsinə də kömək edəcək.
Şeffild Universitetinin professoru Jim Vild də tədqiqatda iştirak edib. Professor bildirib ki, ksenon oksigenin ağciyərlər tərəfindən alınması zamanı keçdiyi yolu izləyir və tənəffüs yolları, qaz mübadiləsi membranları və kapilyarlar arasında anormallığın harada olduğunu göstərir. Mütəxəssislərin “Uzun COVID-19” adlandırdıqları, yaddaş problemlərindən nəfəs darlığına, əzələ ağrılarından qoxu və dad itkisinə qədər bir çox simptomlar koronavirusdan sağaldıqdan sonra belə aylarla davam edə bilər.
virtualaz.org