Advertisment

Türkiyədə baş vermiş dəhşətli zəlzələlər - Minlərlə insan itkisi...

Ərazisinin böyük bir hissəsi fay xəttində yerləşən Türkiyədə növbəti dəfə güclü zəlzələ baş verib. Episentri Kahramanmaraş şəhərində yerləşən zəlzələ 7.4 bal gücündə olub. 10-dən çox vilayətdə dağıntılar yaradan təbii fəlakət nəticəsində 284 nəfər həlak olub, 2323 vətəndaş xəsarət alıb. Dağıdıcı zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla ümumilikdə 42 afterşok baş verib.

Regionlar üzrə itkilər və dağıntılar barədə statistika məlumatlar:

Hatay: 4 nəfər həlak olub, 7 yaralı var, 300 bina dağılıb.

Osmaniye: 20 nəfər həlak olub, 200 yaralı var, 83 bina dağılıb.

Adıyaman: 13 nəfər həlak olub, 22 yaralı var, 100 bina dağılıb.

Diyarbakır: 14 nəfər həlak olub, 226 yaralı var, 20 bina dağılıb.

Şanlıurfa: 18 nəfər ölüb, 200 yaralı var. 60 bina dağılıb.

Qaziantep: 80 nəfər həlak olub, 600 yaralı var, 581 bina dağılıb.

Kilis: 8 nəfər ölüb, 200 yaralı var. 50 bina uçub.

Adana: 10 nəfər həlak olub, 118 yaralı var. 16 bina dağılıb.

Malatya: 47 nəfər həlak olub, 550 yaralı var. 300 bina uçub.

Modern.az bildirir ki, Avrasiya-Ərəb-Afrika plitəsi arasında yerləşən Türkiyə ərzisində 1500-cü illərdən bu yana müxtəlif vaxtlarda 7 və daha yuxarı bal gücündə 23 zəlzələ baş verib. Təkcə ötən il müxtəlif gücdə 33 824 zəlzələ qeydə alınıb. 

1509-cu ildə İstanbulda (7.2 bal), 1653-cü ildə İzmirdə (7.5 bal), 1668-ci ildə Anadolu bölgəsində (8 bal), 1688-ci ildə yenidən İzmirdə (7 bal), 1881-ci ildə Saqqız adasında (7.3 bal), 1930-cu ildə Hakkaridə (7.6 bal) güclü zəlzələlər baş verib, nəticədə minlərlə insan həlak olub.

17 avqust 1999-cu ildə Kocaeli bölgəsində 7.4 bal gücündə zəlzələ baş verib. 45 saniyə davam edən zəlzələ Türkiyə tarixində "ən uzun zəlzələ" kimi tanınır. Ölkənin bir çox bölgəsində dağıntılara səbəb olan hadisə 17 min 118 nəfərin ölümünə səbəb olub, 25 minə yaxın insan yaralanıb.

Elə həmin ilin noyabr ayının 12-də Düzcedə 30 saniyə davam edən 7,2 bal gücündə zəlzələdə 894 nəfər həyatını itirib, 2 min 679 adam yaralanıb, minlərlə insan evsiz qalıb. Təkcə Düzce bölgəsində 16.666 ev dağılıb.

2003-cü il mayın 1-də Bingöl bölgəsində 6.4 bal gücündə zəlzələ qeydə alınıb. Türkiyənin şərqini əhatə edən zəlzələ 176 nəfərin həlak olması ilə nəticələnib.

23 oktyabr 2011-ci ildə episentri Vanın mərkəzindəki Tabanlı kəndi olan güclü zəlzələ baş verib. Günorta saatlarında qeydə alınan zəlzələ 7.2 bal gücündə olub. Türkiyə bu zəlzələnin nəticələrini aradan qaldırmağa çalışan zaman noyabrın 9-da 5,6 bal gücündə növbəti zəlzələ xəbəri insanları təşvişə salıb. Hər iki zəlzələ nəticəsində 601 nəfər ölüb, 252 nəfər yaralanıb.

24 yanvar 2020-ci il yerli vaxtla saat 20:55-də Elazığ bölgəsində 6.8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdə 41 nəfər həyatını itirib, mindən çox adam yaralanıb. Həmin ilin oktyabrın 30-da İzmirdə yerin təxminən 16,54 kilometr dərinliyində 6,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 116 nəfər həlak olub, 1034 nəfər yaralanıb.