Advertisment

Ürəyi vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının birliyi, azərbaycançılıq ideyası milli maraqlarımızın təmin olunmasına xidmət edir

Hər bir xalqın özünəməxsus adət-ənənələri, tarixi, mədəniyyəti, dəyərləri, milli xüsusiyyətləri var. Məhz bu faktorlar xalqın milli ideologiyasını təşkil edir. Dövlətin oturuşması, möhkəmlənməsi və dayanıqlı əsaslara söykənərək inkişaf etməsi həmin dövlətin milli ideologiyası əsasında baş verir. Milli ideologiyamız olan azərbaycançılıq ideologiyası soydaşlarımızı vahid amal uğrunda və milli dəyərlər əsasında sıx birləşdirir. Sağlam təməllərə söykənərək birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ehtiva edir. 

Azərbaycançılıq ideologiyası ölkəmizdə milli birliyimizin başlıca amillərinə çevrilib. Azərbaycan dövlətçilik irsinin araşdırılması və təbliği, öz tarixinə və gələcəyinə, milli və mənəvi dəyərlərinə hörməti özündə əks etdirən azərbaycançılıq ideologiyası həm də milli dövlətçilik strategiyamızın təməl prinsiplərini təşkil edir. Ulu Öndər Azərbaycan dövlətinin təməlini qoyaraq milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu. Ümummilli Lider çıxışlarının birində demişdir: “Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Bununla da müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan hakimiyyətinin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsasını bəyan etmiş oldu. 

Ulu Öndər milli birliyə, həmrəyliyə hər zaman böyük önəm verib. O həmçinin xarici siyasətin əsas tərkib hissəsilərindən biri kimi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsini mühüm vəzifə kimi qarşıya qoymuşdur: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideysıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq”.

Xalqımızın milli-mənəvi dəyərlərini müdafiə etməyi, qoruyub saxlamağı aşılayan, dövlət və vətəndaş mənafelərinin üzvi şəkildə birləşdirən, həmçinin gənclərdə milli və hərbi vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayan azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir.

Azərbaycançılığın ən mühüm amillərindən biri vətənə, torpağa bağlılıqdır. Azərbaycançılıq deyəndə bir tərəfdə vətənpərvərlik, milli birlik, digər tərəfdə milli şüur və əqidə bütövlüyü dayanır.

Azərbaycançılıq məfkurəsi məhz Ulu Öndərin təşəbbüsü ilə mahiyyətcə real məzmun kəsb etməyə, praktiki faydalılığını göstərməyə başlayıb. Bu ideologiyanın faydalılığını sübut edən ən bariz nümunə 44 günlük Vətən müharibəsində təmamən azərbaycançılıq ideologiyasına bürünən gənclərin şücaətidir.

Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyinin sədri Mikayıl Həsənli bildirib ki, azərbaycançılıq ideologiyasının alternativi yoxdur və həmin ideologiyanın ideyası ümummilli lider Heydər Əliyevə məxsusdur. Azərbaycançılıq ideologiyasının tarixi qədim olsa da, onun real məzmun kəsb etməsi, siyasi mahiyyəti ilə dövlətin və millətin maraqlarına xidmət etməsi Ulu Öndərin adı ilə sıx bağlıdır:

“Müdrik dövlət xadimi çıxışlarında hər zaman vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün bir vasitədir. Azərbaycançılıq ideologiyasının təbliği Ulu Öndərin hakimiyyətdə olduğu illərdə həyata keçirilən siyasətin ana xəttini təşkil edir. Dahi şəxsiyyətin “Milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır” çağırışı azərbaycançılıq ideologiyasının inkişf etdirilməsinin nə qədər prioritet olduğunu açıqlayır. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi”.

Birlik sədri azərbaycançılıq ideologiyasının bizi birləşdirən meyar olmasının əsas tutaraq hər birimizin uyğun əməli fəaliyyət sərgiləməli olduğumuzu diqqətə çatdırdı:

“Ancaq milli birliyi, həmrəyliyi təmin etməklə üzləşdiyimiz bütün çətinlikləri dəf edə bilərik. 2020-ci ildə 44 günlük müharibə ilə torpaqlarımızı yağı düşməndən azad etməyimiz, 23 aprel 2023-cü ildə Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcının ərazilərində nəzarət-buraxılış məntəqəsinin qurulması, 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun bir gündən də az müddətdə lokal anti-terror əməliyyatı keçirərək Qarabağda separatizmə son qoyması milli birliyimizin, xalq-dövlət həmrəyliyinin və ümumilikdə azərbaycançılıq ideologiyasının təntənəsi oldu”.

Mikayıl Həsənli Azərbaycanın ərazi bütövlüyü uğrunda birləşən, həmrəy olan xalqımızın məhz azərbaycançılıq ideologiyasına sadiq qaldığını vurğuladı. Qeyd etdi ki, məhz bu sadiqlik torpaqlarımızın işğalına son qoydu:

“Bizləri azərbaycançılıq ideyası bir amal uğrunda birləşdirdi. Həmrəy olmağımızı təmin etdi. Ən qısa zamanda düşmən üzərində qələbə çalıb böyük Zəfərə imza atmağımızda mühüm rol oynadı. Biz bir daha şahid olduq ki, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, ürəyi vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının birliyi, azərbaycançılıq ideyası milli maraqlarımızın təmin olunmasına xidmət edir. Dünya azərbaycanlılarının Azərbaycanın haqq səsinə səs verməsi bizi daha da gücləndirdi. Bizim qüdrətli bir ölkə olduğumuzu bir daha nümayiş etdirdi. Azərbaycançılıq ideyasının təbliği məhz bu baxımdan daim diqqətdə saxlanır və hər zaman öz aktuallığını qoruyur. Artıq hər kəs bir daha əmin oldu ki, azərbaycançılıq ideyası xalqımızın birliyi, həmrəy olması, eyni zamanda qələbələrimiz və uğurlarımız üçün ən önəmli şərtlərdəndir”.

Elnurə İSAXAN

Azərbaycançılıq ideyasının təbliği