Kəngərli rayonunun Qıvraq qəsəbəsində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant Elməddin Niyaməddin oğlu Qəhrəmanovun anım günü ilə əlaqədar müqəddəs məzarı önündə tədbir keçirilib.
Tədbir Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca dini icmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov şəhid leytenant Elməddin Qəhrəmanovun döyüş yolundan, Vətənə sədaqətindən və qəhrəmanlığından bəhs edib. O, Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi igidlik və fədakarlığın xalqımızın qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər xalqımızın birliyinin, ordumuzun gücünün və Vətən sevgisinin təntənəsidir.
Cəlil Rüstəmov şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, onların qəhrəmanlığının heç vaxt unudulmayacağını vurğulayıb. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışan natiq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara daim diqqət və qayğı göstərdiklərini qeyd edib.
Sonra şəhid atası Əbülfət Əliyev, şəhid anası Rəna Hüseynova, Naxçıvan Qaziləri İctimai Birliyinin sədri Əli Əlisoy, “Zəfər hekayələri” layihəsinin rəhbəri Bahar Mehraliyeva, şəhid Sirac Əsədovun qardaşı Sübut Əsədov, hərbçi və digər iştirakçılar çıxış edərək şəhidlərimizin Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan, Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən danışıblar.
Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyi və onların Vətən qarşısındakı xidmətlərinin heç vaxt unudulmayacağı bildirilib.
Daha sonra məktəblilər tərəfindən şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
Tədbirin sonunda şəhidlərin müqəddəs məzarları ziyarət olunub, məzarları önünə tər qərənfillər düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib. Sonda xatirə fotoları çəkdirilib.
Bəxtiyar ƏLİYEV