Advertisment

Hərbi Yönümlü Təşkilatların İttifaqından bəyanat: Dövlətçilik, dini etiqad azadlığı və ictimai sabitlik naminə!

Hərbi Yönümlü Təşkilatların İttifaqı son günlər vahid məktəbli geyimi ətrafnda yaradılmış süni ajiotajla bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir:

"Biz, Hərbi Yönümlü Təşkilatların İttifaqının üzvləri, ölkəmizdə dini inanclar və məktəblərdə vahid geyim qaydaları ilə bağlı baş verən hadisələr ətrafında yaranmış müzakirələri diqqətlə izləyərək bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş qanunun aliliyi, dünyəvi dövlətçilik prinsipləri, dini etiqad azadlığı və ictimai sabitliyin qorunması hər bir vətəndaşın məsuliyyətidir.

Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir. Ölkəmizdə hər kəsin dini etiqad azadlığına, vicdanına və inanclarına hörmətlə yanaşılır. Lakin dini etiqad azadlığı ilə dövlətin qanunlarına və müəyyən edilmiş qaydalara əməl etmək məsuliyyəti bir-birinə zidd anlayışlar deyil. Hər bir vətəndaşın hüquqları ilə yanaşı, üzərinə düşən vəzifələri də vardır.

Ümumtəhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyim forması şagirdlər arasında bərabərliyin, nizam-intizamın və təhsil mühitində vahid yanaşmanın təmin edilməsinə xidmət edir. Bu qaydalara hamının hörmətlə yanaşması və qanunvericiliyə uyğun şəkildə əməl etməsi vacibdir. Məsələyə dini inanclara qarşı münasibət kimi deyil, təhsil müəssisələrində müəyyən edilmiş qaydalar və qanunvericilik çərçivəsində yanaşılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkəmizdə multikulturalizm, tolerantlıq və dini dözümlülük dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Bunun bariz nümunələrindən biri işğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizmi nəticəsində dağıdılmış və yararsız vəziyyətə salınmış məscidlərimizin bərpası, dini-mədəni irsimizin qorunması və yenidən dirçəldilməsidir. Bu fəaliyyət xalqımızın dini-mənəvi dəyərlərinə, tarixi irsinə və vicdan azadlığına göstərilən diqqət və qayğının əyani təzahürüdür.

Biz hesab edirik ki, dini məsələlərdən istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmağa, vətəndaşlar arasında ayrı-seçkilik və düşmənçilik toxumu səpməyə, ictimai sabitliyi pozmağa yönələn istənilən cəhdə qarşı ayıq-sayıq olmaq lazımdır. Heç bir məsələ ölkəmizin milli birliyinə, dövlətçiliyinə və ictimai həmrəyliyinə xələl gətirmək vasitəsinə çevrilməməlidir.

Azərbaycan xalqı tarix boyu müxtəlif dini və mədəni dəyərlərə hörmətlə yanaşan, tolerantlıq ənənələrini qoruyan xalq olmuşdur. Biz inanırıq ki, qarşılıqlı hörmət, sağlam dialoq və qanunlara riayət etməklə bütün məsələlərin həlli mümkündür.

Hərbi Yönümlü Təşkilatların İttifaqı olaraq dövlətimizin dünyəvi əsaslarını, Konstitusiyamızı, qanunların aliliyini, dini etiqad azadlığını və ölkəmizdəki sabitliyi dəstəklədiyimizi bəyan edirik. Biz hər zaman dövlətimizin, xalqımızın və milli maraqlarımızın yanında olmuşuq və bundan sonra da Azərbaycanın müstəqilliyinin, suverenliyinin, milli birliyinin və ictimai sabitliyinin qorunmasını özümüzün vətəndaşlıq borcumuz hesab edirik.

Dövlətimizə sədaqət, qanunlara hörmət, dini dəyərlərimizə ehtiram və milli birliyimizə sadiqlik hər birimizin ortaq məsuliyyətidir!"

Hərbi Yönümlü Təşkilatların İttifaqının sədri

Emin Həsənli

Bakı şəhəri
12 oktyabr 2026-cı il