Advertisment

Quruyan dənizdən yeni ekoloji risklər: “Birgə əməkdaşlıq labüddür”

Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitində dayazlaşmaqda olan Xəzər dənizinin problemləri yenidən gündəmə gəlib. Dənizin səviyyəsinin sürətlə aşağı düşməsi ekoloji tarazlıqla yanaşı, iqtisadiyyat və sahilyanı infrastruktur üçün də ciddi təhlükələr yaradır.

Mövcud tendensiyanın davam etməsi Xəzərin gələcəyi ilə bağlı narahatlıqları artırır və problemin həlli üçün Xəzəryanı ölkələrin birgə fəaliyyətini zəruri edir.

Bəs Xəzərin dayazlaşması hansı fəsadlara yol aça bilər və bu təhlükənin azaldılması üçün hansı addımlar atılmalıdır?

Ekoloq İradə Həsənova Herbiand.az-a açıqlamasında bildirib ki, Xəzərin dayazlaşması xüsusilə balıq ehtiyatlarına mənfi təsir göstərə bilər: “Suyun çəkilməsi balıqların kürütökmə sahələrinin azalmasına, su-bataqlıq ərazilərinin qurumasına və qida zəncirinin pozulmasına gətirib çıxara bilər.

Eyni zamanda, dənizin dibində qalan çöküntülərin quruması və küləklə havaya qalxması sahilyanı ərazilərdə tozlanma problemini gücləndirə bilər. Bu proses insanların sağlamlığına, kənd təsərrüfatına və ətraf mühitin vəziyyətinə də təsirsiz ötüşməyəcək. Səviyyənin aşağı düşməsi Xəzər hövzəsində yerləşən limanların fəaliyyətini çətinləşdirə, gəmiçilik xərclərini artıra və balıqçılıq təsərrüfatına zərər vura bilər.

Xüsusilə suyun səviyyəsinin azalmasına həssas olan sahilyanı infrastrukturun uyğunlaşdırılması əlavə maliyyə vəsaiti tələb edə bilər. Buna görə də problemin nəticələrini aradan qaldırmaq üçün deyil, mümkün fəsadları əvvəlcədən müəyyənləşdirmək və riskləri azaltmaq üçün tədbirlər görülməlidir”.

Ekoloq hesab edir ki, Xəzərin dayazlaşması ilə mübarizə ilk növbədə elmi araşdırmalara və dəqiq məlumatlara əsaslanmalıdır.

“Xəzəryanı ölkələr dənizin səviyyəsindəki dəyişiklikləri, su balansını, temperatur göstəricilərini və ekosistemin vəziyyətini mütəmadi izləməli, əldə olunan məlumatları birgə təhlil etməlidirlər. Eyni zamanda, iqlim dəyişmələrinin və çaylar vasitəsilə Xəzərə daxil olan suyun həcminin azalmasının prosesə təsiri hərtərəfli araşdırılmalıdır.

Problemin həlli üçün Xəzəryanı dövlətlərin birgə fəaliyyət göstərməsi xüsusi əhəmiyyət daşıyır. Su ehtiyatlarından səmərəli istifadə, çirklənmənin azaldılması, sahilyanı ekosistemlərin qorunması və qurumuş ərazilərdə ekoloji risklərin qiymətləndirilməsi istiqamətində ortaq proqramlar hazırlanmalıdır. Bununla yanaşı, limanlar və digər sahil infrastrukturu dəyişən dəniz səviyyəsinə uyğunlaşdırılmalı, balıq ehtiyatlarının qorunması üçün əlavə tədbirlər görülməlidir”.

İ.Həsənova onu da bildirib ki, Xəzərin dayazlaşmasını yalnız bir ölkənin səyləri ilə dayandırmaq mümkün deyil və bu məsələ regional əməkdaşlıq tələb edir.

Aydın

Herbiand.az