Advertisment

Emin Həsənli Prezident İlham Əliyevə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyi çıxış və səsləndirdiyi mühüm mesajlar cəmiyyətdə dəstəklə qarşılanıb.

Hərbi Yönümlü Təşkilatlar İttifaqının sədri Emin Həsənli dövlət başçısına müraciət edib. Müraciətdə deyilir:

Möhtərəm Prezident!
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyiniz tarixi çıxış Azərbaycan dövlətçiliyinin bu günü və gələcək inkişaf istiqamətləri baxımından mühüm siyasi və ideoloji məzmun daşıyır. Çıxışınızda Azərbaycanın müasir geosiyasi reallıqlar fonunda tutduğu mövqe, milli maraqlarımızın qorunması, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və ölkəmizin qarşısında dayanan strateji vəzifələr aydın şəkildə ifadə olunmuşdur. Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl və müstəqil siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz milli maraqlarına əsaslanan mövqe nümayiş etdirməsinə imkan verir.
Cənab Prezident!

Azərbaycanın əldə etdiyi tarixi Zəfərin təməlində güclü dövlətçilik iradəsi ilə yanaşı, qüdrətli ordu quruculuğu, müasir hərbi potensial və xalq–ordu birliyi dayanır. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini, peşəkarlığını və yüksək mənəvi-psixoloji hazırlığını bütün dünyaya nümayiş etdirdi. Bu gün isə əsas vəzifələrdən biri əldə olunmuş hərbi üstünlüyün qorunması, Ordumuzun daim inkişaf etdirilməsi, müasir silah və texnologiyalarla təmin olunması və milli müdafiə sənayesinin daha da gücləndirilməsidir.
Möhtərəm Prezident!

Sizin həyata keçirdiyiniz müstəqil siyasət və milli maraqlara əsaslanan dövlətçilik kursu Azərbaycanın hərbi qüdrətinin də davamlı şəkildə artırılmasına şərait yaradır.
Bu siyasət yalnız ölkəmizin təhlükəsizliyinin təmin olunmasına deyil, həm də Azərbaycan cəmiyyətində dövlətçilik düşüncəsinin, milli həmrəyliyin və Vətənə bağlılıq hissinin möhkəmlənməsinə xidmət edir. Güclü ordu, güclü dövlət və milli ideologiya bir-birini tamamlayan strateji dayaqlardır.

Hərbi Yönümlü Təşkilatlar İttifaqının rəhbəri kimi əminliklə bildirirəm ki, bundan sonra da fəaliyyətimizin əsas istiqamətlərindən biri gənc nəslin hərbi-vətənpərvərlik ruhunda, milli və dövlətçilik dəyərlərinə bağlı şəkildə yetişdirilməsi olacaqdır. Eyni zamanda, Azərbaycan Ordusunun keçdiyi şanlı yolun gənclər arasında təbliği, dövlətçilik və milli təhlükəsizlik düşüncəsinin gücləndirilməsi, yad və dağıdıcı ideoloji təsirlərdən uzaq, sağlam düşüncəli, milli ruhlu və Vətəninə bağlı gəncliyin formalaşması istiqamətində səylərimizi davam etdirəcəyik.
Cənab Prezident!

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyi naminə formalaşdırdığınız strateji kurs hər bir vətəndaş qarşısında mühüm məsuliyyət qoyur. Biz də üzərimizə düşən vəzifəni dövlətimizin milli maraqlarına, Azərbaycançılıq ideologiyasına və Ordumuzun qüdrətinin daha da artırılması məqsədinə sadiqliklə yerinə yetirməyə çalışacağıq.
Əmin olun ki, bundan sonra da fəaliyyətimizin əsas məqsədi dövlətimizin gücünün, milli birliyimizin və müdafiə potensialımızın möhkəmləndirilməsinə töhfə vermək, gənc nəsildə Vətənə, dövlətə və milli dəyərlərimizə bağlılıq hissini daha da gücləndirmək olacaqdır.

Dərin ehtiramla,
Emin Həsənli
Hərbi Yönümlü Təşkilatlar İttifaqının sədri
Azərbaycan Respublikası Bakı şəhəri, Nərimanov rayonu.
Qeyd edək ki, müraciət president.az saytında yayımlanıb.

Herbiand.az
https://president.az/az/articles/view/73781