Qarabağ qazisi Mehman Rüstəmovun döyüş anıları
Mehmanla səkkiz il eyni sinifdə oxumuşuq. Uşaqlıqdan cəldliyi və iti zəkası ilə yaşıdlarından seçilirdi o. Çox keçmədi ki, sinfin liderinə çevrildi. Futbol meydançasında komandamızın kapitanı olur, bizi arxasınca aparır, qələbəyə ruhlandırırdı.
Böyük qardaşı Həsənağa idmanla məşğul olurdu. Evlərinin həyətində idman qurğuları quraşdırmışdılar. Mehman turnikdə dartınma hərəkətində həmişə hamıdan fərqlənərdi. Hər dəfə turnikdə hərəkətlərini izləyəndə yadıma “Qanun naminə” filminin qəhrəmanı prokuror Mehman düşürdü. O, filmdəki qəhrəman kimi ucaboy olmasa da, cəsarəti, gücü və çevikliyi ilə ondan geri qalmırdı. Bizim Mehman da sanki öz adını daşıdığı qəhrəmanın xarakterini uşaqlıqdan mənimsəmişdi.
Bəlkə də filmin populyar olduğu illərdə dünyaya gəldiyindən valideynləri ona bu adı vermişdilər.
Şərqiyyə müəllimin tərifli “A” sinfinin ən qabaqcıl şagirdlərindən biri Mehman idi. Dərslərini əla oxuyur, xüsusilə təbiət elmlərinə böyük maraq göstərirdi.
Doqquzuncu sinfə keçdiyimiz il məktəbə gələndə öyrəndik ki, sinfimizdən üç nəfər artıq bizimlə oxumayacaq. Mehman, Aydın və Anar Bakıda kimya-biologiya təmayüllü məktəbə qəbul olunaraq təhsillərini orada davam etdirməyə qərar vermişdilər. Həmin məktəb o dövrdə Azərbaycanın ən güclü təhsil ocaqlarından biri sayılırdı. Mehmanın arzusu həkim olmaq, gələcəkdə insanlara şəfa vermək idi.
1992-ci ildə orta məktəbi bitirib ali məktəbə sənədlərimizi verdik. Həmin il qəbul imtahanlarında ilk dəfə test üsulu tətbiq olunurdu. Elə buna görə də hamımız üçün yeni və həyəcanlı bir dövr başlamışdı. Lakin həmin il gözlənilməz hadisə baş verdi: sinfimizin ən savadlı şagirdlərindən olan Mehman ali məktəbə qəbul ola bilmədi. Bu hadisə bizi təəccübləndirmişdi. Çünki onun biliyinə, bacarığına və gələcəkdə böyük uğurlar qazanacağına inanırdıq.
“Bəzən bir gündə iki dəfə döyüşə girməli olurduq”

Mehman bizdən bir yaş böyük idi. O, 1 oktyabr 1974-cü ildə anadan olmuşdu. Həmin ilin payızında, 1992-ci ilin dekabrında isə ordu sıralarına çağırıldı. Beləcə, həkim olmaq arzusu ilə yaşayan gəncin həyatında yeni və tamam fərqli bir səhifə açıldı.
Mehman Daxili Qoşunlarda xidmətə başladı. Xidmət etdiyi hərbi hissə mühüm tapşırıqların icrasına, dövlət qurumlarının mühafizəsinə və daxili iğtişaşların yatırılmasına cəlb olunurdu.
“On altı nəfərlik qrup halında bizi Lənkərana ezam etdilər. Biz həmin hərbi hissənin xüsusi bölməsinə daxil idik. Hərbi təlimlərin yarısını keçmişdik və andiçmə mərasiminə qədər orada qaldıq. 1993-cü ilin yanvarında isə cəbhə bölgəsinə göndərildik”-deyir, Mehman.
Bu o vaxt idi ki, sonralar bir neçə dəfə dövlət çevrilişinə cəhd etmiş qiyamçı polkovnik Surət Hüseynov qoşunlarını xəyanətlə Ağdərə istiqamətindən çıxarmışdı.
Mehman həmin günləri elə xatırlayır: “Biz həmin qüvvələrin mövqelərinə göndərilmişdik. Vəziyyət son dərəcə ağır idi. Elə günlər olurdu ki, bir gündə iki dəfə döyüşə girməli olurduq. Hər döyüşdən sonra “QAZ-66” markalı yük maşını ilə mövqelərdən yaralı çıxarılırdı. Şəhidlərimiz çox olurdu. Həmin vaxt hərbi hissələrdə kadr zabitlərin sayı çox az idi. Şəxsi heyətin əksəriyyətini ali təhsilli mülki şəxslər təşkil edirdi.
Ağdərəyə yollandıq. Yollar olmadığından kilometrlərlə məsafəni piyada qət etməli olduq. Mehmanə kəndinin yuxarı hissəsinə çatanda Sərsəng su anbarı görünürdü. Əraziyə hakim olan yüksəkliklərdən biri uğrunda ağır döyüşlərin gedəcəyi ilk baxışdan hiss olunurdu”.
Mehman nəql edir ki, fevralın 2-də, səhər saat dörd-beş radələrində hərbi hissə hücuma keçir.
“Qarşımızda böyük bir ərazini mühasirəyə almaq və Çıldıran kəndini ələ keçirmək tapşırığı vardı. Hücum zamanı irəliləyərək yüksəkliklərdən birini tutduq. Mən 5,45 millimetrlik patronlar atan avtomatla döyüşürdüm. Günortaya qədər mövqelərimizdə qaldıq. Saat 14:00 radələrində isə şiddətli atışma başladı.
İlk atəşlərdən sonra döyüş bir anda alovlandı. Güllələr yağış kimi yağırdı. Elə bil müharibə filminin içinə düşmüşdüm. Mövqelərimiz avtomatlardan və minaatanlardan atəşə tutulurdu, bizim tərəfdən isə “Qrad” yaylım atəşli reaktiv sistemlərindən istifadə edilirdi. Təxminən üç saat davam edən döyüşdə çoxlu yaralılarımız oldu. Nəticədə qarşı tərəf mövqeni yenidən ələ keçirdi”-deyə, Mehman davam edir.
“Yollar və cığırlar qan içində idi”

1993-cü ilin qarlı və qanlı fevral günlərini Mehman kədərlə xatırlayır. Danışarkən səsi titrəyir, gözlərinin önündən yaralı döyüş yoldaşları, ömrü yarıda qırılmış şəhid dostları keçir:
“Fevral ayı idi, ətrafı qalın qar örtmüşdü. Lakin döyüşlərin getdiyi yollar və cığırlar qan içində qalmışdı. Həmin yüksəklik uğrunda dörd-beş dəfə şiddətli döyüş baş verdi. Altı gün ərzində, demək olar ki, hər gün döyüşə girirdik. Orada altı gün amansız qarşıdurma yaşandı. Hər dəfə ölümlə üz-üzə gəlir, bir addımlıq məsafədən ölümdən qurtulurduq. Çoxlu şəhid verdik. Minaatan bölməsində xidmət edən çavuşlardan biri də gözlərimizin qarşısında şəhid oldu”.
Mehman deyir ki, bəzi hallarda 93-cü il döyüşləri haqqında yanlış təsəvvür yaradılır: “Belə çıxır ki, guya ermənilər bizə asanlıqla üstün gəlir, biz isə hazırlıqsız olduğumuz üçün geri çəkilirdik. Xeyr, vəziyyət belə deyildi. Biz müqavimət göstərir, mövqelərimizi qorumaq üçün sonadək vuruşurduq. Ancaq həmin yüksəklik strateji əhəmiyyət daşıyırdı və hər iki tərəf onu ələ keçirməyə çalışırdı. Mövqe əldən çıxdıqdan sonra qarşı tərəfin irəliləyişinin qarşısını almaq çox çətinləşdi. Həmin döyüşlərdə Gəncə batalyonu və Daxili Qoşunların Gəncə bölməsi də iştirak edirdi.
Biz həmin hərbi hissənin xüsusi təyinatlı bölməsində xidmət edirdik. Minaatanın özünəməxsus, adamın canına işləyən dəhşətli səsi var. Artıq o səsə də alışmışdıq. Gözümüzün qarşısında, zabitin yanında mərmi partladı və o çox faciəli şəkildə şəhid oldu. Yaralıların hamısını döyüş meydanından çıxardıq. Şəhid olanlar arasında həm təcrübəli, köhnə döyüşçülər, həm də gənc əsgərlər vardı.
Həmin gecə vəziyyət daha da ağırlaşdı. Fevralın şaxtalı gecəsi idi, səhərə qədər qarovulda dayanmalı olduq. Yemək təminatı da ürəkaçan deyildi. Mövqedə quru çörək və donmuş konservdən başqa bir şey tapmaq çətin idi. O qədər quru yemişdik ki, yaralanıb geri qayıdanda 32 dişimin hamısı laxlamışdı. Gecəni qarovulda keçirdik. Səhər bizə isti çay, pendir və çörək verdilər. Elə həmin an başa düşdük ki, yenidən döyüşə göndəriləcəyik. Çünki adi günlərdə aclıqdan qar yeməyə məcbur qalırdıq”.
“7-8 erməninin üstünə bir daraq güllə boşaltdıq”
Mehman döyüş yoldaşı Etibarla birlikdə erməni tağımını atəşə tutduqları anı belə xatırlayır: “Döyüşə hazırlaşmağa başladıq. Əslən Qazaxdan olan, ailənin yeganə oğlu Etibar adlı bir güləşçi də bizimlə idi. Yenidən hücuma keçməliydik. Hərbi hissənin iki-üç bölüyü irəliləyirdi. Ərazidə səngər yox idi, ağacların arxasında gizlənə-gizlənə düşmən mövqelərinə yaxınlaşırdıq. Məqsədimiz bir gün əvvəl itirdiyimiz yüksəkliyi geri almaq idi.
Döyüş zamanı çoxlu yaralılarımız və şəhidlərimiz oldu. Əsgərlərin cibində həmişə bint olurdu. Bir əsgərin qarnına güllə dəydiyini gördüm. Binti tampon kimi yarasına yerləşdirib möhkəm sıxdım ki, qanaxmanı dayandırım. O vaxt indiki imkanlar yox idi. Xüsusilə başından və qarnından yaralananlar güclü qan itkisi səbəbindən həyatlarını itirirdilər. Yaralıları mövqedən çıxarmaq üçün nəqliyyat vasitəsi də tapılmırdı.
Bir müddət sonra sursatımız tükəndi. Məcbur qalıb çuxurda gizləndik. Bu vəziyyət beş-altı saat davam etdi. Nəhayət, məni və Etibarı arxaya, patron gətirməyə göndərdilər. Təxminən 500-700 metr irəliləmişdik, qərargaha isə hələ 1500 metrə yaxın məsafə qalırdı.
Bu zaman qarşımızdan səslər eşitdik. Dərhal ağacların dibinə çökdük. Gələnlərin kim olduğunu bilmirdik: düşmən idi, yoxsa öz əsgərlərimiz? Bir qədər qulaq asdıqdan sonra erməni dilində danışdıqlarını anladıq. Onların bizim mövqeyimizdən xəbəri yox idi.
Yaxınlaşmalarını gözlədik. Təxminən 8-10 nəfər idilər, aramızda 70 metrə yaxın məsafə vardı. Etibarla eyni vaxtda avtomatlarımızın darağındakı güllələri onların üzərinə boşaltdıq. Sonradan düşünürdüm ki, yaralanmazdan öncə həmin döyüşdə düşməndən qisasımı almışdım…
Bundan sonra düşmənin arxadan gələn qüvvələri bizi güclü atəşə tutdu. Vəziyyətin nə qədər təhlükəli olduğunu anlayıb geri çəkilməyə məcbur olduq.
Qərargaha gedə bilmədik, yenidən öz mövqeyimizə qayıtdıq və baş verənləri məruzə etdik. Geri dönməsəydik, böyük ehtimalla mühasirəyə düşəcəkdik”.
Mehman deyir ki, o zaman ordunun qazan təminatı da yaxşı səviyyədə deyilmiş. Mövqedə olan əsgərlər günlərlə isti yemək tapmırmış:
“O qədər ac idik ki, ağacların dibinə tökülmüş almaları yığıb yeyirdik”.
“Qışqırdım ki, dostumu vurublar, mən də yaralıyam”
Fevral döyüşlərinin dördüncü günü Mehmangili yenidən ermənilərlə üz-üzə göndərirlər:
“Döyüşün artıq dördüncü günü idi. Əvvəlki günkü qarşıdurmadan cəmi iki nəfər sağ çıxmışdı. Buna baxmayaraq, səhəri gün bizi yenidən həmin mövqeyə göndərdilər. Fevralın 8-i idi. Yenidən döyüşə gedirdik. Mövqe əvvəllər qazılmış dairəvi səngərdən ibarət idi. Dağın zirvəsində yerləşən səngərdə könüllülər və gənc əsgərlər təxminən iki metr ara ilə düzülmüşdülər. Qarşımızda dərə, dərənin o biri tərəfində isə başqa bir yüksəklik vardı.
Günorta şiddətli döyüş başladı. Əsl qırğın gedirdi. Düşmən bizim səngərin içini atəşə tuturdu. Səngərdə mövqelərimizi qorumağa çalışırdıq. Təxminən 30-40 dəqiqə keçmişdi ki, yan tərəfdən açılan atəş az qala həyatıma son qoyacaqdı. O qarlı havada ərinməyib məsafəni qarışla ölçdüm, güllə başımdan cəmi bir qarış aralı keçmişdi.
Etibarla döyüşə birlikdə girirdik. Öz aramızda söz vermişdik ki, yaralansaq da, ölsək də, bir-birimizi orada qoymayacağıq. Elə həmin döyüşdə Etibara güllə dəydi. Səngərin içinə çökdük. Cibindən bintini çıxarıb yarasını sarımağa başladım. Bu zaman onun kürəyinə daha bir güllə dəydi. Bütün diqqətimi Etibara yönəltmişdim.
Avtomatımın darağındakı patronlar tükənmişdi. Yeni darağı silaha taxarkən ayağımda kəskin ağrı hiss etdim. Güllə buduma dəymişdi. 7,62 millimetrlik güllə idi. Ərazidə Milli Ordunun əsgərləri də vardı. Var gücümlə qışqırdım ki, dostumu da, məni də vurublar, kömək edin. Onlar mənə səslənərək özlərinə doğru sürünməyimi, dostumu isə özlərinin çıxaracağını bildirdilər”.
“Onlar gəlməsəydi, qanitirmədən öləcəkdim”
Mehman yaralı halda sürünərək qərargaha doğru gedir: “Getdikcə zəifləyirdim. Qan axdıqca ölümün yaxınlaşdığını hiss edirsən. Avtomatımı da özümlə götürmüşdüm. Onu qabağa atır, bir qədər sürünür, sonra yenidən götürüb irəliləyirdim. Güllələr yağış kimi yağırdı, başı yuxarı qaldırmaq mümkün deyildi. Milli Ordunun əsgərləri mənə təxminən on metr məsafədə kömək edə bildilər. Avtomatımı götürüb çiyinlərinə atdılar və məni çıxarmağa çalışdılar.
Əgər onlar köməyimə çatmasaydılar, böyük ehtimalla ya qan itkisindən öləcək, ya da əsir düşəcəkdim. Bölük komandiri ilə birlikdə və baş çavuş məni sürüyərək qərargaha gətirdilər. Həyatımı onlara borcluyam. Bir az əvvəl danışdığım o qanlı cığır vardı ha, məni elə həmin cığırla, güllə yağışının altından sürüyüb çıxardılar. Döyüş meydanından, ölümün pəncəsindən məni xilas etdilər.
Sonradan öyrəndim ki, həmin döyüşdə çoxlu itki vermişik. Üstəlik, uğrunda günlərlə qan tökdüyümüz strateji yüksəklik də birdəfəlik əlimizdən çıxmışdı. O gün mənim üçün müharibənin ən ağrılı həqiqətlərindən biri bir daha üzə çıxdı: bəzən insanı həyata bağlayan təkcə öz iradəsi deyil, dar gündə əlini uzadan silahdaşlarının mərdliyi və fədakarlığı olur”.
“O anda ölümü hiss edirsən”

Mehmana ilkin tibbi yardım Bərdədə göstərilir: “Bərdədən olan bir tibb qardaşı mənə iynə vurdu. Bizim İmamqulibəyli kəndindən Dadaş adlı bir oğlan da vardı. Onunla kimya-biologiya təmayüllü məktəbdə bir yerdə oxumuşduq. Məni “QAZ-66” markalı avtomobilə mindirib Tərtərə yola saldılar. Xərəyin üzərində, maşının döşəməsinə uzadılmış vəziyyətdə idim. Qan itirdikcə bədənim taqətdən düşür, durmadan su istəyirdim. Mənə şirin çay verdilər.
Tərtərdəki hospitala çatdırıldım. Əvvəlcə yarama yüngül sarğı qoydular, sonra əməliyyat etdilər. Əməliyyat keyitmə aparılmadan, anesteziyasız həyata keçirildi. Ağrının şiddətini sözlə ifadə etmək çətindir. Bir müddət Tərtərdə qaldıqdan sonra məni yenidən “QAZ-66” markalı avtomobilə mindirib Mingəçevirə göndərdilər. Yaralı vəziyyətdə, maşının hər silkələnməsini bütün bədənimdə hiss edə-edə yol gedirdim”.
“Ayağımı amputasiya etmək istəyirdilər”
Mehman Mingəçevirdə dörd ay hospitalda müalicə alır. Güllə buduna girmiş, çıxdığı yerdə böyük bir yara, dərin oyuq açmışdı. Deyir ki, həkimlər əvvəlcə ayağını amputasiya etmək istəyirmiş: “Lakin onların peşəkarlığı və səyi nəticəsində ayağımı kəsmədən müalicə etməyə çalışdılar və onu xilas etdilər. Buna görə həkimlərə həmişə minnətdaram. Döyüş bölgəsində keçirdiyim günlərin, çəkdiyimiz əziyyətin, aclığın, soyuğun fəsadları üzə çıxmağa başlamışdı. Bağırsaqlarımda və böyrəklərimdə problemlər yaranmışdı. Hospitalda təxminən iyirmi gün keçəndən sonra ayağımda qanqrena əlamətləri meydana çıxmışdı. Güllənin dəydiyi nahiyədə toxumalar çürüməyə başlayırdı. Temperaturum qalxır, həkimlər onu aşağı salmaqda çətinlik çəkirdilər.
Tibb bacısı yaranı açıb təmizləyərkən qayçını yaranın içinə saldı. Ağrı o qədər şiddətli idi ki, yanımda olan dayımın halı pisləşdi, ürəyi getdi. Çoxlu qan itirmişdim, mənə qan köçürdülər. Orqanizmim çox zəifləmişdi, gücüm tükənirdi. Hər gün ayağımı itirmək təhlükəsi ilə üz-üzə idim.
Mehman bu ağır günləri xatırladıqca döyüş yoldaşı Etibara yada salır:
“Hə, Etibardan danışım, -deyir Mehman. Həmin döyüşdən sonra Etibardan bir daha xəbər çıxmadı. Bəlkə də döyüş meydanında qalmışdı, bəlkə də onu başqa yerə aparmışdılar. Heç nəyi dəqiq bilmirdik”.
Etibarla bir-birinə söz veribmişlər: yaralansalar da, ölsələr də, bir-birlərini döyüş meydanında qoymayacaqlar. Mehman ağır yaralı halda xilas edilir, lakin dostunun taleyindən xəbər tuta bilmir. İllər keçsə də, həmin vəd, həmin döyüş və Etibarın müəmmalı taleyi onun yaddaşından silinmir.
Dedim axı Mehman sinfimizin ən yaxşı futbol oynayanı idi. Ondan soruşuram: “Mehman, futbol oynaya bilirsən?” Bir anlıq doluxsunur, gözlərindəki kədəri gizlətməyə çalışır, amma özünü sındırmır:
“Əşi, yox e, nə futbol. Murmanskda yaşayanda bir dəfə oynadım, özü də qapıda durmuşdum hələ. Səhərə qədər ağrıdan yata bilmədim, ayaqlarım keyimişdi. Müayinəyə getdim, həkim dedi ki, bir də futbolun adını çəkmə”.
Bir vaxtlar meydançalarda hamını heyran qoyan Mehman üçün futbol artıq əlçatmaz bir arzuya çevrilib.
Müharibə çox taleləri məhv etdi, arzuları yarımçıq qoydu. Şərqiyyə müəllimin tərifli “A” sinfinin lideri, ən yaxşı şagirdi və ən yaxşı futbolçusu Mehmanın da gəncliyi, gələcəyə dair arzuları amansız müharibənin qurbanına çevrildi. Bəlkə də müharibə olmasaydı, Mehman bu gün tanınmış həkim, müəllim və ya mühəndis kimi cəmiyyətə fayda verəcəkdi. Mehmanın ömür yolu müharibənin insanlara vurduğu ağır zərbənin və yarımçıq qalmış xəyalların canlı sübutudur.
Elman Cəfərli
Herbiand.az