Advertisment

Azərbaycanı şəriət hüquq sisteminə qaytarmaq olmaz- Xəzər Teyyublu

“Azərbaycanın dünyəvi dövlət modelinin və sekulyar təhsil sisteminin qorunması bu gün cəmiyyət qarşısında duran mühüm məsələlərdən biridir. Dünyəvilik ölkəmizin hüquqi dövlət quruculuğunun, müasir təhsil sisteminin və ictimai inkişafının əsas prinsiplərindən sayılır”.

Bu sözləri Herbiand.az-a açıqlamasında tanınmış ictimai fəal, Sosial Hüquqların Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri Xəzər Teyyublu deyib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti uzun tarixi inkişaf yolu keçərək dünyəvi təhsil, müasir elmi düşüncə və fəlsəfi baxışlarla formalaşıb və geri addım atmaq olmaz.

“Ölkəmiz təxminən iki əsrdir ki, hüquq və idarəçilik sistemində dünyəviləşmə istiqamətində inkişaf edir. Bu tarixi təcrübəni nəzərə alaraq, Azərbaycanı yenidən şəriət hüquq sisteminə qaytarmağa yönələn çağırışlar cəmiyyətin müasir inkişaf istiqaməti ilə uzlaşmır.

Azərbaycanın təhsil sistemi dünyəvi prinsiplər əsasında qurulub və məktəblərin əsas vəzifəsi uşaqlara elmi biliklər vermək, onların sərbəst düşüncə qabiliyyətini inkişaf etdirməkdir. Azərbaycan İslam dövləti modelinə keçməməli, Konstitusiyada təsbit olunmuş dünyəvilik prinsipini qorumalıdır”.

QHT sədri hesab edir ki, ölkədə dini etiqad azadlığı və geyim seçimi hüququ mövcuddur, lakin bu azadlıqlar təhsil müəssisələrinin müəyyən etdiyi ümumi qaydalar çərçivəsində həyata keçirilməlidir.

“Məktəbli geyimində vahid yanaşma şagirdlər arasında sosial bərabərliyin təşviqinə, fərqlərin qabardılmamasına və təhsil mühitində ümumi nizamın qorunmasına xidmət edə bilər.

Bu baxımdan məktəblərdə əsas diqqət dini simvollara deyil, təhsilin keyfiyyətinə, şagirdlərin bilik və bacarıqlarının inkişafına yönəldilməlidir. Azərbaycan cəmiyyətində dünyəvi dəyərlərin qorunmasında və ictimai müzakirələrin aparılmasında vətəndaş cəmiyyətinin mühüm rolu var.

Ölkənin əldə etdiyi ictimai-siyasi və elmi-mədəni inkişafı geriyə aparacaq yanaşmalara qarşı sağlam düşüncə, hüquqi bilik və ictimai dialoq əsasında mövqe ortaya qoyulmalıdır. Azərbaycan Şərqdə müstəqil dövlətçilik və demokratik inkişaf ənənələrinin formalaşmasına öz töhfəsini verib və bu təcrübə qorunmalıdır.

Ölkənin gələcəyi dini və ideoloji qarşıdurmalarda deyil, dünyəvi təhsildə, hüququn aliliyində, insan hüquqlarına hörmətdə və güclü vətəndaş cəmiyyətinin inkişafındadır”.

Aydın

Herbiand.az