Advertisment

Gənclərdə özgüvənin formalaşmasında lazımi dəstək göstərilməkdədir

Ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, geniş dünyagörüşünə, mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşması, vətənimizə layiq vətəndaş kimi yetişməsi daim dövlətin diqqət mərkəzində olub. Bu istiqamətdə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirilib. Bildiyimiz kimi, “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”, - deyən ulu öndər Heydər Əliyev uşaq və gənclərin layiqli vətəndaş kimi formalaşmasına böyük diqqət yetirirdi. Bu səbəbdən də müstəqilliyini yenidən bərpa edən Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı prioritet məsələ olaraq ilk gündən qəbul olundu. O zamandan bu istiqamətdə geniş şərait yaradıldı. Hazırda da bu sahədə görülən tədbirlər göz önündədir. Və ölkəmizdə uşaq və gənclərə hərtərəfli stimul verən qayğı siyasəti mövcuddur.

Bu gün biz göstərilən qayğını hər bir sahədə müşahidə etməkdəyik. Uşaq və gənclərin fiziki və mənəvi inkişafının diqqət mərkəzində olduğunu da inkar etmək mümkün deyil.

Orvita Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində görülən tədbirləri qənaətbəxş hesab edir. Qeyd edir ki, hazırda ölkəmizdə bu sahədə mühüm əhəmiyyət kəsb edən tədbirlərin görülməsi uşaq və gənclərimizin həyata baxışlarında öz müsbət təsirini göstərir:

“Hazırkı dövrümüzdə uşaq və gənclərin həyatında bir çox dəyişikliklər baş verir. Bunlar da ən çox Azərbaycan Respublikasının dövlət qanunvericiliyində olan dəyişikliklər, eyni zamanda gənclərə və uşaqlara göstərilən diqqət və qayğıdır. Onların içərisində isə uşaq və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən istiqamətlənməsi, onların müəyyən kurslara cəlb olunması, davamlı şəkildə özləri üzərində işləməsi, öz inkişaflarına diqqət yetirməsi daha çox önə çəkilir”.

Ramidə xanım bu istiqamətdə həyata keçirilən layihələrin uşaq və gənclərimizin müsbət istiqamətdə formalaşmasında yaxşı nəticələr verdiyini diqqətə çatdırdı:

“Bu layihələrdən bir neçəsinin adını çəkə bilərəm. Bakı Gənclər Mərkəzində yay tətili boyunca gənclərin və uşaqların müxtəlif tədbirlərə, ölkənin tanınmış pedaqoqları, təlimçiləri tərəfindən yüksək səviyyəli təlimlərə cəlb olunması və Master klasslarda iştirakı əsas xüsusiyyətlərdən biridir.

Bundan əlavə gənclər üçün keçirilən yay festivalları da uşaq və gənclərin daha çox fiziki və mənəvi tələbatlarının ödənilməsində, eyni zamanda onların şəxsi inkişafında, intellektual səviyyələrinin yüksəlməsində, emosional cəhətdən uşaqların, gənclərin təmin olunmasında, psixoloji olaraq onlara öz güvənin aşılanmasında, özlərinin gələcəyini qura bilməsində və öz hədəflərini düzgün seçməkdə böyük bir dəstəyin olmasıdır”.

Ramidə xanım bildirdi ki, bu gün qarşıda dayanan əsas məqsəd yalnız gənclərin təhsil alması deyil. Psixoloq eyni zamanda onların müxtəlif aktivitlərlə istər ödənişli, istər ödənişsiz şəkildə kurslara cəlb olunmasının da mühüm şərtlərdən olduğunu qeyd etdi:

“Həmçinin gənclərdə daha çox psixoloji cəhətdən özgüvənin formalaşmasında, özünə inamın formalaşmasında da lazımi dəstək göstərilməkdədir. O cümlədən onların peşəyönümlü işlərə cəlb olunması və bu peşələr vasitəsilə də gələcəkdə özlərinin sərbəst həyat şəraitinin təmin olunması, gələcək həyatlarında düzgün addımların atılması, hədəflərinin qorunub saxlanması da əsas məqsədlərdəndir”.

Ramidə xanımın fikrincə, insanların daha çox psixoloji duruma ehtiyacı var. O, hesab edir ki, psixoloji söhbətlər, psixoloji maarifləndirmə bu gün ən önəmli məsələlərdəndir:

“Bu baxımdan psixoloji cəhətdən debatların keçirilməsi, qrup oyunları, qrup təlimlərinin keçirilməsi və eyni zamanda psixoloji söhbətlərin aparılması çox vacib şərtlərdən biridir. Bunu nəzərə alaraq deyərdim ki, hal-hazırda Azərbaycan gəncləri üçün bu istiqamətdə həyatlarında önəmli rol oynayan şərait yaradılıb. Belə ki, regionlarda və Bakıda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinə, gənclər mərkəzlərinə psixoloqlar cəlb olunaraq gənclərimizlə ciddi psixoloji söhbətlər aparılır. Deyərdim ki, Azərbaycanın tanınmış psixoloqları, eyni zamanda praktik təcrübəyə sahib psixoloqlar bu təlimlərə cəlb olunur. Onlar da gənclərin həyatında hansısa bir izi qoymağa çalışırlar”.

Psixoloq bu istiqamətdə aparılan tədbirlərin hər birinin insan həyatına bir toxunuş etdiyini, insan şüurunun inkişafına kömək olduğunu vurğuladı:

“İnsan şüuraltı problemlərinin həll olunmasına və şüuraltının daha sağlam şəkildə inkişafına dəstək olur. Deyərdim ki, ən çox da burada rol oynayan uşaqlar və gənclərlə aparılan psixoloji söhbətlər, qrup oyunları, Master klasslar və onlarla keçirilən forumlardır. Yəni respublikamızda yetərincə şəxsi inkişaf, biznes, təhsil, psixologiya ilə bağlı çox sayda forumlar keçirilir ki, bu da gənclərin həyatında daha çox müsbət rol oynayır. Onların psixikasının daha sağlam formalaşmasına, gələcəkdə özlərini doğru gənc olaraq görməsinə böyük bir yardım etmiş olur”.

Ölkəmizdə uşaq və gənclərin mənəvi, fiziki inkişafını həyata keçirən bir sıra mərkəzlər mövcuddur. Ramidə xanım onların fəaliyyətini qənaətbəxş hesab etdiyini dedi:

“Bu gün əvvəldə də qeyd etdiyim kimi, Bakı Gənclər Mərkəzi deyərdim ki, Azərbaycanda gənclərin yetişməsində ən böyük rollardan birini oynayır. Bununla yanaşı, regionlarda fəaliyyət göstərən gənclər mərkəzləri də gənclərin həyatında önəmli rola malikdir. Heydər Əliyev Mərkəzi, kitabxanalar, şahmat mərkəzləri demək olar ki, gənclərin tam ixtiyarındadır. Hətta tam ödənişsiz gənclərin fəaliyyət göstərməsinə böyük şərait var. Onlara burada geniş imkan yaradılıb. Gənclər özləri debatlar təşkil edir, müxtəlif təlimlər keçirirlər. Gənclərə öz sevdikləri təlimçiləri dəvət etmək imkanı verilir ki, onlarla ciddi şəkildə psixoloji və sosial söhbətlər apara bilsinlər. Bu da təbii ki, gənclərimizin əsl vətəndaş olaraq yetişməsində öz müsbət bəhrəsini verir. Eyni zamanda bu mərkəzlərdə yaradıcılıq birlikləri də var ki, bu da uşaq və gənclərin həyatında önəmli rol oynayır. Bütün bunlar uşaq və gənclərin mənəvi istirahətində və inkişafında mühüm əhəmiyyət kəsb edir. 

Elnurə İSAXAN