Sovet dövründə yazıçı və şairlər yalnız ədəbi yaradıcılıqla məşğul olmur, həm də hakim ideologiyanın təbliğində mühüm rol oynayırdılar. Dövlət ədəbiyyatdan ideoloji vasitə kimi istifadə edir, bu sahənin nümayəndələrinə müəyyən imkanlar yaradırdı.
Bazar iqtisadiyyatı şəraitində isə yazıçının cəmiyyətdəki mövqeyi dəyişin, dolanışıq imkanları isə xeyli çətinləşib. Bu gün qələm adamı həm yaradıcılığını davam etdirməli, həm də əməyinin qarşılığını almaq üçün müxtəlif yollar axtarmalıdır.
Bəs yazıçı kitablarını sataraq dolanmalıdırmı, yoxsa onun yaradıcılığına cəmiyyət və dövlət tərəfindən dəstək göstərilməlidir? Müasir dövrün şairi və yazıçısı Sabir kimi dolanışıq üçün sabun bişirib satmağa məcbur qalmalıdır, yoxsa dünyada bu problemin daha fərqli həll yolları mövcuddur?
Tanınmış jurnalist, şair Tural Turan Herbiand.az-a açıqlamasında müasir dövrdə yazıçı və şairlərin sosial vəziyyəti, ədəbi əməyin maddi dəyəri və qələm adamlarının yaradıcılıq hesabına dolanışıq imkanları barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, müasir dünyada yazıçı Mirzə Ələkbər Sabir kimi sabun bişirib satmır, heç öz kitabları üçün piştaxta arxasında oxucu ovuna da çıxmır: “Çünki həmin ölkələrdə kitab sənayesi var. Bizdə isə kitab sənayesi hələ də qurulmayıb.
Gərək bu illər ərzində ölkədə kitab sənayesi formalaşdıraydı. Fəqət, indiyə qədər bu, mümkün olmayıb. Düşünürəm ki, dövlət Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyinin xətti ilə bu məsələyə bir əncam çəkməlidir. Çünki özəl sektor vasitəsilə kitab sənayesi formalaşa bilmirsə, o zaman hökumət bu məsələdə aktiv rol oynamalıdır.
Kompleks işlərin, layihələrin icrası üçün tədbirlər görməlidir. Hətta şair və yazıçıların kitablarının çapını ölkədə fəaliyyət göstərən banklar da maliyyələşdirə, kitab satışından gələn gəlirlərdən yazıçılara vəsait də ayrıla bilər. Bu istiqamətdə çox uzağa getmədən, Türkiyə təcrübəsindən də yararlanmaq mümkündür.
İş adamlarını, iri korporasiyaların prosesə cəlbi daha effektiv olacaq. Əgər iri şirkətlər, holdinqlər vergilərin bir qismindən azad edilsə, onlarda kitab sənayesinin inkişafına stimul yaranar. Bu da şair və yazıçıların öz kitablarını satmaq xəcalətindən xilas edər”.
Tural Turan hesab edir ki, ölkədə milli kitab bazarının formalaşması üçün ayrıca fond da yaradılmalıdır.
“Özəl sektor bu istiqamətdə inkişaf edənə qədər Norveç modelindən də istifadə etmək mümkündür. Norveçdə dövlət və dövlətə bağlı qurumlar bu istiqamətdə təşviq edici addımlar atırlar. Müəllifin əsərlərini onlardan alır, çap edir, üstəlik çapdan gələn gəlirlərin bir qismi yenidən yazara qaytarılır.
İndi ölkənin ən çox oxunan yazıçısı, şairi də birdəfəyə beş min kitab çap etdirə bilmir. Birincisi maliyyəsi çatmır, ikincisi alınmayacağından qorxur. Əgər on milyonluq ölkədə beş min oxucu yoxdursa, bu mütaliə qiyamətidir. Sonumuz uçuruma doğru gedir - deməkdir”.
Aydın