Advertisment

Azərbaycan Aİ ilə uzunmüddətli müqavilələr üçün sabit təchizat yaradır

Azərbaycan Avropanın Rusiya qazından asılılığının azaldılması baxımından mühüm rola sahib olub.

Herbiand.az xəbər verir ki, bunu "Energy Intelligence Group"un neft bazarları üzrə iqtisadçısı Julyen Matonyer Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya - neft emalı, neft-kimyası, ticarət, logistika" mövzusundakı tədbirdə bildirib.

Onun sözlərinə görə, Avropaya qaz həcmlərinin artırılması Xəzər regionunda geosiyasi tarazlığın qorunması fonunda həyata keçirilir:

"Azərbaycan "Şahdəniz" layihəsi hesabına Avropa İttifaqına (Aİ) qaz tədarükünü artıra bilib və bu, çox uğurlu əməliyyatdır. Azərbaycan 2027-ci ilə qədər Aİ-yə qaz ixracını ikiqat artıraraq 20 milyard kubmetrə çatdırmağı öhdəsinə götürüb. Bu proses Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri vasitəsilə reallaşdırılır. BP-nin "Şahdəniz" yatağında əməliyyatlarının genişlənməsi – altı yeni quyu vasitəsilə – həm Azərbaycanın daxili tələbatını, həm də Aİ ilə uzunmüddətli müqavilələr çərçivəsində sabit tədarükü təmin edir. Texniki baxımdan bu, uğurlu layihədir".

J. Matonyer əlavə edib ki, bu həm də siyasi və geosiyasi baxımdan uğurlu addım olub:

"Azərbaycan Avropa ilə qaz əməkdaşlığını bazar diversifikasiyası kimi təqdim etməyi bacarıb. Layihə Rusiyaya qarşı balans aləti deyil, diversifikasiya kimi təşviq olunub. Bu isə ölkənin çox bacarıqlı diplomatik addımıdır. Azərbaycan enerji sahəsində Rusiya ilə əməkdaşlığı, o cümlədən elektrik enerjisi ticarəti və regional infrastruktur layihələrində, davam etdirir, eyni zamanda Avropaya qaz ixracını genişləndirir. Bu, əslində bacarıqlı diversifikasiya strategiyasının nümunəsidir".

İqtisadçı qeyd edib ki, Azərbaycanın bu siyasətində Türkiyə də mühüm vasitəçi rolunu oynayıb:

"Avropaya qaz tədarükünün əksər hissəsi Türkiyədən keçir. Ankara həm Bakı, həm də Moskva ilə güclü enerji və siyasi əlaqələrə malikdir və bu, diplomatik bufer rolunu oynayır. Azərbaycan Türkiyəni enerji diplomatiyasında ideal tərəfdaş kimi istifadə edib və düşünürəm ki, bu, çox uğurla icra edilib".