Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzində müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş təşkil edilib.
Bu barədə Herbiand.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov son illər ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlara dair məlumat verib. Reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işləri, qabaqcıl dünya təcrübəsi əsasında tətbiq edilən alternativ reabilitasiya üsullarını diqqətə çatdırıb.
Qeyd olunub ki, möhtəşəm Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonra agentliyin reabilitasiya mərkəzlərində 3 min 665 müharibə iştirakçısı, habelə onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib. Peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onların böyük hissəsi artıq əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar.
Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Cuma Nəbiyev şəhid ailəsi üzvləri və müharibə iştirakçısı olan şəxslərin məşğulluğunun təminatı sahəsində aparılan işləri qeyd edib.
Postmüharibə dövründə agentlik tərəfindən bu kateqoriyalardan olan şəxslərin bir qisminin məşğulluğunun təmin edildiyi, o cümlədən özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərin qurulduğu bildirilib.
Habelə döyüşlərdə yaralanaraq əzalarını itirmiş 500-ə yaxın hərbçimizin 612 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edildiyi vurğulanıb.
Müharibə iştirakçıları ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər, eləcə də, məşğulluq tədbirləri ilə bağlı razılıqlarını ifadə ediblər.
Görüşdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlara, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin səmərəli reabilitasiya xidmətləri ilə təminatı sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.