2025-ci ilin oktyabr ayında səma müşahidəçilərini nadir bir mənzərə gözləyir – ATLAS, SWAN və Lemmon adlı üç komet adi gözlə və ya binoklla müşahidə oluna biləcək qədər parlaq olacaq.
C/2025 K1 (ATLAS) kometi oktyabrın əvvəlində Günəşə yaxınlaşaraq şimal və cənub enliklərində görünəcək.
Onun parlaqlığının 5,2 ulduz dərəcəsinə çatacağı proqnozlaşdırılır ki, bu da onu binoklla asanlıqla izləməyə imkan verir. Lakin bu komet Günəşə çox yaxın keçəcəyindən, dağılmaq riski də var. ATLAS 2025-ci ilin mayında Çilidə aşkar edilib və ilk dəfə Günəş sisteminə daxil olan "yeni" komet sayılır.
C/2025 R2 (SWAN) kometi isə oktyabrın sonlarında Yerə ən yaxın məsafədən (cəmi 0,26 astronomik vahid) keçəcək. Onun oktyabrın 20-si ətrafında adi gözlə görünəcək qədər parlaq olacağı gözlənilir. Maraqlı hal odur ki, Yer bu kometin orbitini kəsərkən Rusiya üzərində ulduz yağışı müşahidə oluna bilər.
Ən stabil müşahidə obyekti isə C/2025 A6 (Lemmon) kometidir. Oktyabrın sonunda şimal səmasında görünəcək bu komet axşam saatlarında binoklla izlənə biləcək, hətta parlaqlığı artarsa, adi gözlə də görünə bilər. Lemmon əvvəllər də Günəşə yaxınlaşmış “köhnə” kometlərdəndir və bu il yanvar ayında ABŞ-da “Mount Lemmon” rəsədxanasında kəşf edilib.
Noyabr ayında isə 210P/Christensen adlı dövri komet Şimal yarımkürəsində səhərlər müşahidə oluna biləcək. Onu dan yeri sökülən vaxt, şərq üfüqünün aşağı hissəsində binoklla görmək mümkün olacaq.