Advertisment

Qəhrəmanlar unudulmur!

Azərbaycan Ordusunun rəşadəti və xalqımızın birliyi sayəsində həyata keçirilən antiterror əməliyyatları nəticəsində dövlətimizin suverenliyi bərpa olunmuş, torpaqlarımızda əmin-amanlıq təmin edilmişdir. Bu böyük qələbənin arxasında qəhrəman oğullarımızın canı və qanı dayanır. Onların xatirəsi daim xalqımızın qəlbində yaşayır.

Belə qəhrəmanlardan biri də Şəhid Məhərrəmov Mayis Füzuli oğludur.

 

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat xidməti bildirir ki, 26 sentyabr 2025-ci il tarixində şəhid Məhərrəmov Mayis Füzuli oğlunun anım günü ilə əlaqədar məzarı başında tədbir keçirilib. 

    Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova çıxış edərək şəhidin həyat yolundan, vətənpərvərliyindən və igidliyindən danışmışdır. O, qeyd etmişdir ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə göstərilən diqqət və qayğı hər bir vətəndaş üçün nümunədir. Şəhidlərimizin xatirəsi daim qəlblərdə yaşayır, onların qəhrəmanlığı gələcək nəsillərə örnəkdir.

Daha sonra çıxış edənlər Mayis Məhərrəmovun qəhrəmanlıq yolunu yad edərək, onun gənclərə örnək olan fədakarlığından bəhs etmişlər. Onlar vurğulamışlar ki, şəhidlərimizin irsi, Vətən sevgisi və dövlətçilik uğrunda mübarizəsi heç zaman unudulmayacaq.

 

Məhərrəmov Mayis Füzuli oğlu 14 iyul 1982-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1988–1999-cu illərdə Naxçıvan Qarnizonunun orta məktəbində təhsil almış, 2000–2002-ci illərdə isə həqiqi hərbi xidmətdə olmuşdur. 2002-ci ilin may ayından etibarən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənə sədaqətlə xidmət edib. 

 

O, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü ilin 19 sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları zamanı Xocavənd rayonunun Çartar kəndində qəhrəmancasına şəhid olub.

Şəhidimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Məhərrəmov Mayis Füzuli oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. 

    Antiterror əməliyyatlarında əldə olunan möhtəşəm qələbə bir daha göstərdi ki, Azərbaycan xalqı öz qəhrəman oğullarının fədakarlığı ilə daim ucalacaq. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onların əziz xatirəsini ehtiramla yad edirik.

 Bəxtiyar ƏLİYEV

Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi