Advertisment

Kəngərli rayonunda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib

Kəngərli rayonunda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib

 Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsində ən şərəfli səhifələrdən biridir. Bu səhifələri qanı ilə yazan igidlərimizin xatirəsi hər zaman uca tutulur. Kəngərli rayonunda şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullar — Böyükdüz kəndindən İsmayıl Fəzayıl oğlu Yüzbaşyev, Xok kəndindən Aslan Maqsud oğlu Mirzəyev, Təbriz Çapay oğlu Əsgərov, Kəmaləddin İsrayil oğlu Məmmədov və Qabıllı kəndindən Qurban Namiq oğlu İbrahimovun əziz xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib.

 

Tədbirlər şəhidlərin məzarları önündə bir dəqiqəlik sükutla başlanıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dini icmanın sədri Qurani-Kərimdən ayələr oxuyaraq şəhidlərin ruhuna dualar edib.

 

Anım mərasimində Kəngərli Rayon İcra Hakimiyyətinin başçısının müavinləri Hacırəddin Mehbalıyev və Cəlil Rüstəmov çıxış edərək bildiriblər ki, bu gün azad, müstəqil və qalib Azərbaycanın hər bir vətəndaşı şəhidlərimizin fədakarlığı sayəsində qürurla başıuca yaşayır. Onların dediklərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə xalqımızın birliyinin, ordu qüdrətinin və şəhidlərimizin ölməz iradəsinin təntənəsidir.

 

Çıxış edən şəhid ailələri, qazilər, hərbçilər və kənd sakinləri də vurğulayıblar ki, şəhidlərimizin qəhrəmanlığı gələcək nəsillər üçün ən böyük vətənpərvərlik məktəbidir. Məktəblilərin ifasında səslənən vətənpərvərlik şeirləri tədbirə duyğusal bir rəng qatıb.

 

Tədbirin sonunda iştirakçılar şəhidlərin məzarlarını ziyarət edərək üzərlərinə tər qərənfillər düzüb, ruhlarına dualar oxuyublar. Mərasim şəhid ailələri ilə birgə çəkilən xatirə fotoları ilə başa çatıb.

 

Onların xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

 

Bəxtiyar Əliyev

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi