Advertisment

"Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə" adlı kitab işıq üzü görüb

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Dədə Ələsgər Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Tariximizin İşığında – Qərbi Azərbaycanın izi ilə” layihəsi çərçivəsində keçirilmiş esse müsabiqəsinin qalib yazılarından ibarət kitab nəşr olunub.

Müsabiqə Azərbaycan Respublikasının tam orta məktəblərinin 10–11-ci sinif şagirdləri, həmçinin peşə və kollec tələbələrinin Qərbi Azərbaycan mövzusunda biliklərini, analitik düşüncəsini və yaradıcılıq bacarıqlarını qiymətləndirmək məqsədilə təşkil edilmişdir.

Müsabiqəyə ölkənin müxtəlif bölgələrindən yüzlərlə esse təqdim olunmuş və münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlara əsasən qiymətləndirilmişdir. Nəticələrə əsasən, ölkə üzrə 14 Regional Təhsil İdarəsi üzrə I, II və III yerlərin qalibləri müəyyən edilmişdir.

Müsabiqə şərtlərinə görə hər regional üzrə I yer üzrə 1 esse, II yer üzrə 2 esse, III yer üzrə 3 esse qalib elan edilmişdir. Beləliklə, ümumilikdə 84 esse seçilərək kitabda toplanmışdır. Nəşrdə gənclərin Qərbi Azərbaycan tarixinə, mədəni irsinə, deportasiya yaddaşına və milli kimlik mövzularına dair yaradıcı baxışları və analitik yanaşmaları öz əksini tapır.

Qaliblərə layihə çərçivəsində diplom, fəxri fərman və təşəkkürnamələr təqdim olunacaqdır.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyi müsabiqədə iştirak edən bütün şagird və tələbələrə təşəkkür edir və onların Qərbi Azərbaycan mövzusuna göstərdiyi marağı yüksək qiymətləndirir.