44 günlük İkinci Vətən Müharibəsində vuruşan, igidlik nümayiş etdirən, qəhrəmanlıq dastanı yazanlar arasında Sədərək rayonundan olan igidlərimiz də az deyil. Onlardan biri də şəhid leytenant Ərtoğrul Hümbət oğlu Nadirlidir. O, 31 mart 1997-ci il Sədərək rayonunun Qaraağac kəndində anadan olub. 2012-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olan Ərtoğrul 2015-ci ildə oranı əla qiymətlərlə bitirib və Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 24 iyun 2019-cu ildə Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsi alıb və Tovuz bölgəsinə göndərilib. Altı ay xidmətdən sonra Bakıya kursa gələn Ərtoğrul buranı bitirərək Daşkəsən rayonuna xidmət vəzifəsinə yola salınıb. 27 sentyabrda Vətən müharibəsində iştirak etmək üçün Goranboy rayonuna ezam olunub. Murovdağ yüksəkliyinin alınmasında döyüş yoldaşları ilə birlikdə çətin əməliyyatlarda iştirak edib, qəhrəmanlıq göstərib. Eyni zamanda onlarla yaralı yoldaşını döyüş bölgəsindən çıxarıb və xeyli sayda erməni faşistini məhv ediblər. Ərtoğrul oktyabrın 2-də Murovdağ döyüşləri zamanı uzaq məsafədən snayper atəşi ilə şəhid olub. 52 gün sonra yüksək rütbəli hərbçilərin köməyi ilə tapılıb və 26 noyabrda Sədərək rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Qəhrəmanın anım günü münasibətilə Sədərək rayon Şəhidlər Xiyabanında tədbir keçirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib və şəhidin ruhuna dualar oxunub. Tədbirdə çıxış edən rayonun icra başçısı Naim Cahidzadə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. O qeyd edib ki, leytenant Ərtoğrul Nadirli kimi igid övladlarımızın göstərdiyi qəhrəmanlıq hər zaman gənclərimiz üçün vətənpərvərlik nümunəsi olacaq. İcra başçısı şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbə şəhidlərimizin qanı və canı bahasına əldə olunub.
Tədbirdə digər çıxış edənlər vurğulayıb ki, Ərtoğrul adı ilə böyüyüb, uşaqlığı cəbhədə düşmən postlarının beş addımlığında keçib. Hər gün Sədərək döyüşlərində can qoyan igidlərin həyat hekayələri ona hərbçi olmaq üçün stimul verib. O, adının sahibi kimi bir türk fatehi olub və Vətənin qanayan yarasına məlhəm olan qardaşlarına qoşulub.
Şəhidin atası Hümbət müəllim çıxış edərək oğlunun uşaqlıq illərindən, vətənə bağlılığından və hərbçi olmaq arzusundan danışıb. O bildirib ki, Ərtoğrul daim elmə, intizama, Vətən sevgisinə önəm verən, məqsədinə doğru qətiyyətlə irəliləyən bir gənc olub. Hümbət müəllim şəhid övladlarına göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə, eləcə də tədbirin təşkilatçılarına dərin minnətdarlığını ifadə edib və oğlunun xatirəsini əziz tutan hər kəsə təşəkkürünü bildirib.
Tədbir iştirakçıları şəhidlərin məzarına tər çiçəklər düzüb, hörmət və ehtiramlarını ifadə ediblər. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ərtoğrul Nadirli ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Bəxtiyar Əliyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi