Misir Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə bu gün Qahirədə 4-cü beynəlxalq Müdafiə və Təhlükəsizlik Sənayesi Sərgisinin (EDEX 2025) açılış mərasimi olub.
Herbiand.az xəbər verir ki, dekabrın 4-dək davam edəcək sərgiyə 100-dən çox ölkədən rəsmi və diplomatik nümayəndə heyətləri də qatılıb.
Sərgidə təxminən 45 min ziyarətçinin olacağı ehtimal edilir. Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti, eləcə də ölkəmizin Misirdəki səfiri Elxan Poluxov tədbirdə iştirak ediblər.
Sərgidə dünyanın 50 ölkəsini təmsil edən 450-dən çox şirkətin məhsulları nümayiş olunub. Azərbaycan stendində isə Müdafiə Sənayesi Nazirliyinin məhsulları təqdim edilib.
Afrika və Yaxın Şərqdə silahlanma və müdafiə sahələrində böyük tədbir sayılan sərgiyə 25 ölkə milli pavilyonları ilə qoşulub.
Qeyd edək ki, EDEX sərgisi ilk dəfə 2018-ci ildə keçirilib.
AZƏRTAC