Advertisment

Erməni Ombudsman Bakıdakı erməni məhbuslarla bağlı danışıb

Ermənistanın İnsan Hüquqları Müdafiəçisinin (Ombudsman - red.) mandatı ona ölkə xaricində fəaliyyət göstərmək səlahiyyəti vermir.

Herbiand.az xəbər verir ki, bunu erməni Ombudsman Anait Manasyan 23 apreldə hökumətin brifinqi zamanı jurnalistlərin ona “Nəyə görə saxlanılan ermənilərə giriş əldə etmək üçün şəxsən Azərbaycanlı həmkarı ilə əlaqə saxlamadığı” ilə bağlı suala cavabında bildirib.

Manasyanın sözlərinə görə, Ombudsmanın mandatı yalnız Ermənistan ərazisinə şamil olunur və zərərçəkənin vətəndaşlığından və etnik mənsubiyyətindən asılı olmayaraq Ermənistan dövlət qurumları tərəfindən törədilən qanun pozuntularını əhatə edir. Onun başqa ölkədə monitorinq aparmaq səlahiyyəti yoxdur.

“Saxlanılanların qohumlarla görüşlərinin təşkili ehtimalı” ilə bağlı suala Ombudsman cavab verib ki, əgər ictimaiyyətə açıqlanmalı olan məlumatı varsa, bəyanat verəcək: “Əgər Xarici İşlər Nazirliyinin və ya digər qurumların hərəkətsizliyini müşahidə etsəm, bu barədə açıq şəkildə danışacam”.

Jurnalistlər bu cavabdan məmnun qalmayıblar. Lakin o eyni ifadəni bir neçə dəfə təkrarlayıb və əlavə edib ki, mövzu təhlükəsizlik və Ombudsman ofisinin statusu baxımından həssas sahələrə toxunub.

Bəxtiyar CƏFƏRLİ