Müəyyən mərhələdə Bakıda əmtəə birjası yaradılmalıdır.
Herbiand.az xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda çıxış edərkən SOCAR-ın ticarət qolu olan "Socar Trading" şirkətinin açıq neft məhsulları üzrə aparıcı treyderı Anar Həbib bildirib.
"Bunun adı Bakı birjası, enerji birjası və s. ola bilər - bu artıq başqa məsələdir. Belə bir layihə Londondakı ICE birjası ilə birgə müəssisə formatında, həmçinin JP Morgan, Goldman Sachs kimi böyük beynəlxalq bankların dəstəyi ilə həyata keçirilə bilər. Əminəm ki, onlar belə təşəbbüsdə iştirak etməkdən məmnun olarlar", - Anar Həbib qeyd edib.
Onun sözlərinə görə, Xəzər regionunda treyderlər, satıcılar və alıcılar arasında uzun müddətdir müzakirə olunur ki, burada effektiv hedcinq mexanizmini necə qurmaq olar.
"Hesab edirəm ki, müəyyən mərhələdə Bakıda bir əmtəə birjasının yaradılması üçün şərait yaranmalıdır", - Anar Həbib vurğulayıb.
Anar Həbib əlavə edib ki, mövcud infrastruktur yalnız müvəqqəti olaraq bu ehtiyacları qarşılaya bilər. Gələcəkdə isə yeni infrastrukturun qurulmasına ehtiyac yaranacaq. Bakıda Ələt limanı mövcuddur ki, bu da faktiki olaraq azad iqtisadi zonadır. Şimal-Qərbi Avropada Amsterdam, Rotterdam, Antverpen mərkəz (loqistika, sənaye və enerji mərkəzi - red.) kimi oxşar bir model Xəzər sahillərində də yaradıla bilər.