Suverenliyini tam bərpa edən Azərbaycan bu gün regionda dayanıqlı sülhün və inkişafın əsas təşəbbüskarı kimi çıxış edir
Bu barədə deputat Fazil Mustafa Herbiand.az -açıqlamasında deyib. O bildirib ki, Prezident İlham Əliyevin Latviya Prezidenti Edvards Rinkeviçs ilə görüşündən sonra mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər Azərbaycanın həm Avropa İttifaqı məkanında, həm də regionda mövqelərinin gücləndiyini aydın şəkildə nümayiş etdirir.
Millət vəkili, Milli Məclisin komitə sədri Fazil Mustafa bildirib ki, səfər çərçivəsində səsləndirilən bəyanatlar Azərbaycan-Latviya münasibətlərinin ənənəvi əməkdaşlıq çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir.
Deputatın sözlərinə görə, dövlət başçısının mətbuata bəyanatı milli maraqlarımızın qorunması və beynəlxalq hüquqa söykənən mövqeyimizin dünyaya çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Cənubi Qafqazdakı yeni reallıqlar, sülh gündəliyi və regional təhlükəsizlik məsələlərində Azərbaycanın prinsipial yanaşması Latviya kimi nüfuzlu tərəfdaşlar tərəfindən tam dəstəklənir.
Fazil Mustafa vurğulayıb ki, Prezident İlham Əliyevin iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri ilə bağlı irəli sürdüyü konseptual yanaşmalar Azərbaycanın Avropanın enerji arxitekturasındakı həlledici rolunu daha da möhkəmləndirir. Bu diplomatik təmaslar ölkəmizin xarici siyasət kursunun ardıcıllığını nümayiş etdirməklə yanaşı, mövqelərimizin beynəlxalq müstəvidə daha aydın dərk olunmasına xidmət edir.
Komitə sədri əlavə edib ki, suverenliyini tam bərpa edən Azərbaycan bu gün regionda dayanıqlı sülhün və inkişafın əsas təşəbbüskarı kimi çıxış edir. Latviya Prezidentinin Bakıya səfəri Azərbaycanın həm regional liderliyini, həm də Avropanın etibarlı strateji tərəfdaşı statusunu bir daha nümayiş etdirdi.