Advertisment

Malayziya donanması Türkiyənin Atmaca raketlərini alır

Türkiyənin Roketsan şirkəti Malayziya Müdafiə Nazirliyi ilə Atmaca gəmi əleyhinə raketlərinin tədarükü üçün müqavilə imzalayıb.

Herbiand.az bildirir ki, sənəd Kuala-Lumpurda keçirilən DSA 2026 müdafiə sərgisi çərçivəsində imzalanıb.

Raketlər hazırda İstanbulda Malayziya Hərbi Dəniz Qüvvələri üçün tikilən sahil döyüş gəmilərini silahlandıracaq. Tərəflər müqavilənin təfərrüatlarını açıqlamasalar da, müqaviləyə 79,5 milyon avro dəyərində 24 ATMACA raketinin daxil olduğu barədə məlumatlar yayılıb.

Malayziya Müdafiə Nazirliyi müqavilə haqqında əlavə məlumat verməkdən imtina edib.

Atmaca Roketsan şirkəti tərəfindən hazırlanmış, hər cür hava şəraitinə uyğun, uzun mənzilli, yüksək dəqiqlikli gəmi əleyhinə qanadlı raketdir. O, tədricən Türkiyə Hərbi Dəniz Qüvvələrindəki “Harpoon” raketlərini əvəz edir.

Raket GPS, inertial naviqasiya sistemi, barometrik altimetr və radio altimetrdən istifadə edir. O, həmçinin aktiv radar axtaran cihazla təchiz olunub. Məlumat bağlantısı missiya planlaşdırmasına və hədəfin yenilənməsinə imkan verir. Trayektoriyasının son mərhələsində raket dəniz səthindən olduqca aşağı hündürlükdə uçur.

Raketin uzunluğu 4800-5200 mm arasında dəyişir, çəkisi 750 kq-dır (döyüş başlığı 250 kq). Qanad genişliyi 1,4 metrdir. Zərbə məsafəsi 250 km təşkil edir.

Bəxtiyar CƏFƏRLİ