Advertisment

Azərbaycan Texniki Universitetində şəhid anaları ilə görüş olub

Mayın 15-də "Şəhid Analarına Dəstək" İctimai Birliyinin  Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı ildə elan etdiyi qrand müsabiqəsində qalib olduğu "Aprel şəhidlərinin ailə üzvləri ilə iş" adlı layihəsi çərçivəsində  Azərbaycan Texniki Universitetində ilk tədbiri keçirilib.

"Şəhid  Analarına Dəstək" İB-nin təşkilatçılığı və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə Aprel şəhidlərinin  ailə üzləri ilə bərabər Azərbaycanın ərazi bütövlüyü uğrunda bütün dövrlərdə canlarından keçmiş şəhidlərin də ailə üzvləri iştirak edib. Tədbirdə  Birliyin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək dəyərli qonaqları salamlamış,  layihənin əsas məqsədinin “Aprel şəhidləri”nin ailə üzvləri ilə görüşlər təşkil etmək, həm aprel döyüşlərinin 10 illiyi münasibətilə həmin  şəhidlərimizin tanınmasına, xatırlanmasına, həm də şəhid ailə üzvlərinin daim diqqətdə saxlanılması və onlara qayğı göstərilməsinə töhfə  vermək olduğunu vurğulayıb.
Ceyran xanım Dövlət strategiyasına uyğun olaraq şəhidlərimizin xatirəsinə diqqət göstərmək istiqamətində İB-n yardımçı olacağını,
cəmiyyətimizə Aprel şəhidlərimizin qəhrəmanlıq yolunun yeniyetmələrə örnək olacağını, ailələrinin , yaxınlarının  cəmiyyətə inteqrasıyası üçün təsəlli, stimul olaccağını qeyd edib.
Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun anası Xuraman İmanova, Elşad Əliyevin anası Flora Əliyeva, Sərxan Əliyevin anası Esmira Əliyeva, Elnur Hacıyevin xanımı Elnarə Hacıyeva, Səbuhi Həsənquliyevin Anası Maisə Həsənquliyeva çıxış edərək belə tədbirlərin, xüsusən şəhid ailələrinin görüşlərinin keçirilməsinin onlar üçün nə qədər önəmli olduğunu, dövlət dəstəyinin hər zaman üzərlərində hiss etdiklərini qeyd edib və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, "Şəhid Analarına Dəstək" İctimai Birliyinə, tədbirin keçirilməsi üçün gözəl şərait yaradan Azərbaycan Texniki Universitetinin rəhbərliyinə xüsusi təşəkkürlərini bildiriblər. Şəhid ailələrinin görüşü çay süfrəsində davam etdirilib, şəhid ailə üzvlərinə hədiyyələr təqdim edilib.
Sonda şəhid ailələri Texniki Universitetdə məzun şəhidlərin xatirəsinə yaradılmış muzeydə olublar. Universitetin məzun şəhidlərinin xatirəsini dərin ehtiramla anaraq ruhlarına dualar oxunub.