"Sədaqətin Sükutu" layihəsi çərçivəsində Şəhid Vəli Mustafazadə və Arzu Orucovanın məzarı önündə anım tədbiri keçirilib
"Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə "Sədaqətin Sükutu" layihəsi çərçivəsində Aqstafa rayonunun Qarahəsənli kənd qəbiristanlığında Vətən müharibəsi şəhidi Vəli Mustafazadənin vəonun yoxluğuna dözə bilmıyib intihar edən sədaqət simvoluna çevrilən Arzu Orucovanın məzarı önündə anım mərasimi keçirilib.
Tədbirdə "Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri, müharibə veteranı Roza Əliqızı, Aqstafa Rayon İcra Hakimiyyətinin Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Ariz Qədimalıyev, Qarahəsənli kənd məktəbinin müəllim və şagirdləri, kənd sakinləri, şəhidin valideynləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimi şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və duaların oxunması ilə başlayıb. Birliyin sədri Roza Əliqızı şəhidlərin ruhuna "Fatihə" surəsini oxuduqdan sonra çıxış edərək Vəli Mustafazadə və Arzu Orucovanın nakam məhəbbətindən, sədaqət və vəfa ilə yadda qalan həyat hekayəsindən danışıb. Bildirib ki, bu iki gəncin taleyi təkcə bir sevgi hekayəsi deyil, həm də Vətən sevgisinin, sədaqətin və mənəvi dəyərlərin ən ali nümunələrindən biridir.
Tədbir çərçivəsində Qarahəsənli kənd məktəbinin şagirdləri əllərində üçrəngli Azərbaycan bayraqları ilə vətənpərvərlik ruhunda şeirlər söyləyib, ədəbi-bədii kompozisiya təqdim ediblər.
Daha sonra çıxış edən Aqstafa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ariz Qədimalıyev, şəhidin valideynləri, bacısı və bibisi şəhidlərin xatirəsinə göstərilən ehtirama və təşkil olunan ziyarətə görə tədbir iştirakçılarına təşəkkür ediblər.
Çıxış edənlər Vəli Mustafazadə və Arzu Orucovanın yarımçıq qalan sevgisindən böyük kədər hissi ilə söz açaraq qeyd ediblər ki, onların bədənləri bu dünyada qovuşmasa da, ruhları əbədi sevgidə birləşib. İştirakçılar bu saf sevginin və şəhidlik zirvəsinin qarşısında də baş əydilər.