Rusiya ordusu Ukraynanın Odessa vilayətinin ətraf ərazilərindən birinə raket zərbəsi endirib. Hücum nəticəsində bazarın yaxınlığında olan üç nəfər yaralanıb.
UNIAN-ın məlumatına görə, bu gün səhər saat 10:40 radələrində Odessa şəhəri və vilayətində hava həyəcanı elan edilib. Monitorinq kanalları bölgə istiqamətində, ehtimal ki, "Oniks" tipli raketlərin hərəkət etdiyini bildirib.
Məlumata əsasən, raketlərin uçuş trayektoriyası dəyişdiyi üçün onların hədəfi əvvəlcədən dəqiq müəyyənləşdirilə bilməyib. Qısa müddət sonra Odessa şəhərinin müxtəlif hissələrində güclü partlayış səsləri eşidilib.
Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, Rusiya qüvvələri Odessanın ətrafındakı yaşayış məntəqələrindən birində bazarın yaxınlığındakı əraziyə raket zərbəsi endirib.
Onun sözlərinə görə, hücum nəticəsində mülki infrastruktur zədələnib. Hadisə yerinə operativ xidmətlər cəlb olunub, dağıntıların miqyası və digər nəticələr araşdırılır.
Son məlumata əsasən, hücum zamanı 42, 45 və 81 yaşlı üç nəfər xəsarət alıb. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirirlər və yaralılara zəruri tibbi yardım göstərilir.
Odessa Vilayət Prokurorluğunun mətbuat katibi İnna Verba UNIAN-a bildirib ki, yaralananların hər üçü kişidir. İlkin məlumatlara görə, raket zərbəsi nəticəsində bir mağaza binasına, beş minik avtomobilinə və digər nəqliyyat vasitələrinə ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma davam edir.