Advertisment

Ararat Mirzoyan ABŞ rəsmisi ilə görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arie Laytston ilə görüş keçirib.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, görüşdə Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndələri, həmçinin Trans-Xəzər Sahibkarlıq Fondunun sədri Konstantin Sokolov da iştirak edib.

Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammitindən sonra əldə olunan nəticələri və Ermənistan-ABŞ münasibətlərində müşahidə olunan irəliləyişi müzakirə ediblər.

Görüş zamanı Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün regionun iqtisadi inkişafı və əməkdaşlıq imkanlarının genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb. Həmsöhbətlər sülh prosesinin möhkəmləndirilməsi istiqamətində atıla biləcək növbəti addımlar ətrafında fikir mübadiləsi aparıblar.

Bildirilib ki, son bir il ərzində yüksək səviyyəli qarşılıqlı səfərlər və Vaşinqtonda imzalanmış üç memorandumun icrası Ermənistan ilə ABŞ arasında hərtərəfli strateji tərəfdaşlığın inkişafına mühüm töhfə verib.

Müzakirələrdə süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsi də diqqət mərkəzində olub. Bu çərçivədə Firebird AI meqalayihəsinin birinci mərhələsi üzrə AB Factory məlumat emalı mərkəzinin istifadəyə verilməsi məsələsi nəzərdən keçirilib.

Tərəflər, həmçinin ticarət, iqtisadiyyat, enerji təhlükəsizliyi və Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşdə regional nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı, Ermənistanın beynəlxalq nəqliyyat və infrastruktur şəbəkələrinə inteqrasiyası, eləcə də TRIPP proqramının icra vəziyyəti də nəzərdən keçirilib.

Hər iki tərəf layihələrin mümkün qədər qısa müddətdə həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.