Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin cari ildə nəzərəçarpacaq dərəcədə azaldığını bildirib.
Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi təxminən üçdə iki həcmində azalma göstərib.
Overçuk bu barədə Qırğızıstanın Çolpon-Ata şəhərində jurnalistlərə açıqlamasında danışıb.
O qeyd edib ki, 2024-cü ildə Rusiya və Ermənistan arasında qarşılıqlı ticarətin həcmi rekord səviyyəyə çataraq təxminən 12 milyard ABŞ dolları təşkil edib.
Baş nazirin müavini bildirib ki, sonradan bu göstəricidə azalma müşahidə olunub. Onun sözlərinə görə, ötən il ticarət dövriyyəsi 8 milyard dollara enib, cari ildə isə azalma daha da sürətlənərək dramatik xarakter alıb.
Overçuk ticarət dövriyyəsindəki geriləmənin səbəbləri barədə əlavə məlumat verməyib.