Advertisment

Zelenski: Ukraynaya ABŞ-ın Patriot raket ehtiyatının 5 faizi lazımdır

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Rusiya hücumları qarşısında Patriot hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan tutucu raketlərin çatışmazlığı ilə üzləşdiyini bildirib.

Zelenski avqustun 13-də CNN-ə müsahibəsində deyib ki, ABŞ Ukraynaya öz raket ehtiyatının cəmi 5 faizini satsaydı, bu, Ukraynanın qarşıdakı qış dövrünü keçirməsi və çoxsaylı insan həyatının xilas edilməsi üçün kifayət edərdi.

“Əgər bizə 10 faiz sata bilsələr, Rusiyanın bütün ballistik raketlərini məhv edəcəyik. Mənim isə cəmi 1 faizim var”, – deyə Ukrayna Prezidenti bildirib.

Zelenski qeyd edib ki, Kiyevin tələb etdiyi sayda Patriot raketlərini əldə etmək üçün qarşıdakı bir neçə ay həlledici əhəmiyyət daşıyır. O, bu istiqamətdə müxtəlif addımlar atdığını, lakin bəzi məsələləri təhlükəsizlik səbəbindən açıqlaya bilməyəcəyini vurğulayıb.

Ukrayna lideri, həmçinin ABŞ Prezidenti Donald Trampın Ukraynaya Patriot raketlərini müstəqil istehsal etməyə imkan verilməsi ilə bağlı vədinin necə reallaşdırılacağına dair hələ də sualların qaldığını bildirib.

“Bu, mənim üçün böyük çətinlikdir. Müharibənin əvvəlindən bəri qarşılaşdığım ən böyük çətinliklərdən biridir”, – Zelenski deyib.