Xəbər verdiyimiz kimi bu günlərdə Türkiyədə qardaş ölkədə yaşayan yüzlərlə azərbaycanlı həkimi sevindirən qərar verilib. Beləki 2026-cı il iyulun 2-də Türkiyə Böyük Millət Məclisinə təqdim edilən "Ali təhsil qanununda və bəzi qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi qəbul edilməyib. Qeyd edək ki, qanun layihəsinin 1-ci maddəsi xarici vətəndaş olan həkimlərin dövriyyə sərmayəsindən əlavə ödənişlərin alınmasının qarşısını almağı nəzərdə tuturdu.
Bu qanun layihəsi, xüsusilə də onun 1-ci maddəsi, qardaş ölkədə tibb təhsili alan və rezidentura, yəni uzmanlıq təhsili keçən azərbaycanlı gənc həkimlərə də birbaşa təsir edirdi. Əgər qanun layihəsi qəbul edilsəydi, bundan Türkiyədə uzmanlıq təhsili alan azərbaycanlı həkimlər, o cümlədən Gürcüstandan və İrandan olan soydaşlarımız, İraq və Suriyada yaşayan həmvətənlərimiz, Qazaxıstan, Qırğıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Ukrayna vətəndaşları ciddi şəkildə zərər görə bilərdilər. Belə ki, onlar qardaş ölkədə daha aşağı əməkhaqqı ilə işləmək məcburiyyətində qalacaqdılar. Bu isə onların maddi vəziyyətinə ciddi təsir göstərməklə yanaşı, böyük əksəriyyətinin Türkiyədə fəaliyyətini davam etdirə bilməməsinə və ölkəni tərk etməyə məcbur qalmasına səbəb ola bilərdi. Onu da yada salaq ki, Türkiyədə təhsil alan və həkim kimi fəaliyyət göstərən soydaşlarımızın verdiyi məlumata görə, bu zərərli təşəbbüsün qarşısının alınmasında “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının sədri, Azərbaycan Hərbi Yönümlü Təşkilatlar İttifaqının rəhbəri Emin Həsənlinin müstəsna xidməti olub. Beləki Emin Həsənli Türkiyənin nüfuzlu dövlət adamları, ictimai xadimləri ilə təmasa keçib və problemi onlara izah edib, doğru qərarın qəbuluna inandırmağı bacarıb. Emin Həsənlinin bu fədakarlığı Qarabağ müharibəsinin şəhid olmuş inzanlarımızın ailə üzvləri, qazilər tərəfindən də müsbət qiymətləndirilib.
Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və Hərbi Yönümlü Təşkilatların İttifaqının rəhbəri Emin Həsənli ilə görüşdə şəhid polkovnik-leytenant Mehman Qənbərovun ailə üzvləri də bildiriblər. M.Qənbərovun evində baş tutan görüşdə şəhid zabitin həyat yoldaşı Xuraman Qənbərova, övladları Nurlan Qənbərov, Ceyhan Qənbərov iştirak ediblər. Qeyd edək ki, Xuraman Qənbərova Yasamal rayon 161 nömrəli məktəbin kimya laboratoriyasına laborant vəzifəsində çalışır. Nurlan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika mühəndisliyi fakültəsinin 4-cü kursda oxuyur, hazırda magistraturaya hazırlaşır. Ceyhan 161 nömrəli tam orta məktəbin 9-cu sinifində oxuyur.
Görüşdə Türkiyədə çalışan və hazırda məzuniyyət günlərini Bakıda keçirən həkimlər də iştirak edib.
Kocaeli Universiteti Xəstəxanasının Fizioterapiya və Reabilitasiya kafedrasında tədqiqatçı köməkçisi Amal Şücaət qızı Həşimova, referans poliklinikasının həkim-terapevti Şücaət Mirsabib oğlu Həşimov hər zaman azərbaycanlıların, xüsuilə şəhid ailələrinin xidmətində durmağa hazır olduqlarını bildiriblər. Emin Həsənli təklif edib ki, onlar hər biri iki şəhid ailəsini himayəyə götürsün, həmin ailələrə tibbi və səhiyyə xidmətlərinin göstərilməsinə dəstək versin, onların sağlamlıq vəziyyəti ilə mütəmadi maraqlansın və ehtiyac duyduqları zaman yanlarında olsun: “Siz illərdir Türkiyədə min bir əziyyətlə tibb elminin sirrlərinə vaqif olmusunuz. Gecənizi gündüzünüzə qatıb oxumusuz. Təcrübəli alimlərdən, həkimlərdən dərs almısınız. Siz də Azərbaycanın sərvəti sayılırsız. Dövlətimiz sizin daha rahat və əlverişli şəraitdə fəaliyyət göstərməyiniz üçün daim çalışır. Biz də öz növbəmizdə şəxsi əlaqələrimizdən və imkanlarımızdan istifadə edərək, sizi çətin vəziyyətə sala biləcək qərarların qəbul edilməsinin qarşısının alınmasına çalışmışıq. Müharibədə aldığımız yaralar hələ təzəcə sağalmağa başlayıb. Qazilərimizin yaraları tam sağalmayıb, şəhidlərimizin qanı hələ qurumayıb, xatirələri isə qəlbimizdə təzədir.
Sizdən yeganə istəyimiz budur ki, Qarabağı bizə qaytaran qəhrəman şəhidlərimizi, onların əziz ailə üzvlərini və qazilərimizi heç zaman unutmayasınız. Onların göstərdiyi fədakarlığı, Vətən uğrunda ödədikləri misilsiz əvəzi daim xatırlayın və bu qəhrəmanlığa layiq münasibət göstərin”.
Onlar da Türkiyədə qəbul edilən bu qərardan məmnunluqlarını ifadə edərək, göstərdiyi təşəbbüsə və göstərdiyi səylərə görə Emin Həsənliyə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, Emin Həsənlinin bu nəcib təşəbbüsü, eləcə də qərarın qəbul edilməsi istiqamətində günlərlə davam edən fədakarlığı və məqsədyönlü fəaliyyəti yüzlərlə soydaşımızın sevincinə və rəğbətinə səbəb olub. Bildirilib ki, qəbul edilən qərar Türkiyədə təhsil alan, çalışan və müxtəlif sahələrdə fəaliyyət göstərən çoxsaylı azərbaycanlılar üçün mühüm imkanlar yaradıb. Bu qərardan sonra minlərlə soydaşımız Türkiyədə fəaliyyətini və təhsilini daha rahat şəkildə davam etdirmək, peşəkar bilik və bacarıqlarını artırmaq, yeni imkanlar əldə etmək və maddi rifahını yaxşılaşdırmaq imkanı qazanacaq. Eyni zamanda, onların Türkiyənin ictimai, iqtisadi, elmi və sosial həyatında daha fəal iştirakına, qazandıqları təcrübə və bilikləri gələcəkdə Azərbaycan üçün də faydalı istiqamətlərə yönəltməsinə şərait yaranacaq. Vurğulanıb ki, belə təşəbbüslər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin yalnız dövlətlərarası səviyyədə deyil, xalqlar arasında da özünü göstərən mühüm nümunələrindəndir. Minlərlə azərbaycanlının taleyinə müsbət təsir göstərəcək bu qərarın qəbul olunmasına verdiyi töhfəyə görə Emin Həsənliyə minnətdarlıq ifadə edilib və onun göstərdiyi prinsipial mövqe yüksək qiymətləndirilib.