ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Moskvaya səfəri zamanı Rusiya rəsmilərinə Ukrayna müharibəsi fonunda ABŞ-ın NATO müttəfiqləri, xüsusilə Estoniya, Latviya və Litva ilə qarşıdurmanı daha da genişləndirməmək barədə xəbərdarlıq edib.
Bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, CIA rəhbəri həmçinin Rusiyanın İrana hərbi və iqtisadi dəstəyini azaltmasına çağırış edib.
Retkliffin Moskvaya səfəri əvvəlcədən elan edilməyib və ABŞ administrasiyası səfərin təfərrüatlarını ictimaiyyətə açıqlamayıb. Səfərin məqsədi ilə bağlı müxtəlif versiyalar irəli sürülsə də, Kreml ABŞ kəşfiyyat rəhbərinin Moskvada rusiyalı həmkarları ilə görüşdüyünü təsdiqləyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Retkliff Vladimir Putinlə görüşməyib, lakin görüşlərin nəticələri barədə Rusiya prezidenti məlumatlandırılıb.
Bu səfər Retkliffin CIA direktoru vəzifəsində Moskvaya ilk məlum səfəri kimi diqqət çəkib. Onun Rusiyaya səfəri ABŞ-Rusiya münasibətlərinin gərgin olaraq qaldığı və Ukrayna müharibəsinin dayandırılması ilə bağlı diplomatik səylərin davam etdiyi bir vaxtda baş tutub.
ABŞ prezidenti Donald Tramp isə Retkliffin səfərini “yarı-rutin” xarakterli adlandıraraq onun NATO ölkələrinə mümkün Rusiya hücumu ilə bağlı olduğu barədə xəbərləri təkzib edib.