Advertisment

Rusiya gecə ərzində Ukraynaya 258 PUA və raketlərlə hücum edib

Rusiya gecə saatlarında Ukraynaya iki “Oniks” gəmiəleyhinə raketi, “İsgəndər-M/KN-23” ballistik raketləri və 258 hücum PUA-sı ilə zərbələr endirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücumlar avqustun 26-sı saat 18:00-dan başlayaraq 27 avqust səhər saatlarınadək davam edib. Rusiya qüvvələri “Oniks” raketlərini işğal altındakı Krımdan, “İsgəndər-M/KN-23” raketlərini isə Bryansk və Kursk vilayətlərindən buraxıb.

Hücumlarda 258 PUA, o cümlədən “Shahed” tipli dronlar, “Gerbera”, S8000 “Bandarol” və “Parodiya” imitator dronlarından istifadə edildiyi bildirilir. PUA-ların təxminən üçdə birinin reaktiv mühərrikli olduğu qeyd olunur.

Əsas zərbə istiqamətləri Odessa, Kiyev, Dnepropetrovsk, Poltava və Zaporojye vilayətləri olub.

Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, hava hücumundan müdafiə qüvvələri bir “Oniks” raketini, 7 “İsgəndər-M/KN-23” ballistik raketini, 3 S8000 “Bandarol” PUA-sını və 222 müxtəlif tipli pilotsuz aparatı məhv edib və ya elektron vasitələrlə zərərsizləşdirib.