Advertisment

Meşə yanğınları səbəbindən Yakutsk tüstüyə bürünüb

Yakutiyanın və Krasnoyarsk diyarının ərazisində davam edən meşə yanğınları səbəbindən Yakutsk şəhəri tüstüyə bürünüb.

Herbiand.az xəbər verir ki, bu barədə Yakutiyanın Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Peyk monitorinqinin məlumatlarına görə, avqustun 27-də səhər saatlarında tüstü dumanı respublikanın şimal-qərb istiqamətindən şəhərə doğru hərəkət edib. Tüstülənməyə səbəb Krasnoyarsk diyarının Yakutiya ilə sərhədə yaxın ərazilərində çoxsaylı meşə yanğınlarının baş verməsi, həmçinin respublikanın Mirnı və Olenyok rayonlarında qeydə alınan yanğınlardır.

Yakutiya Ekologiya Nazirliyindən bildirilib ki, regionda davam edən meşə yanğınları ucqar və çətin keçilən ərazilərdə baş verir.

Bununla yanaşı, Krasnoyarsk diyarında meşə yanğınlarının sahəsi gün ərzində 53 min hektardan çox artaraq 519,6 min hektara çatıb. Operativ məlumatlara görə, avqustun 27-də səhər saatlarında regionda 159 meşə yanğını davam edib.

Yanğınların söndürülməsində 706 nəfər iştirak edir, səkkiz texnika cəlb olunub. Yaşayış məntəqələri üçün təhlükə yoxdur.

Krasnoyarsk diyarında yüksək yanğın təhlükəsi davam edir.