Advertisment

Almaniya NATO-nun şərq cinahında hərbi hazırlığı gücləndirir

Almaniya NATO-nun şərq cinahında mümkün hərbi qarşıdurmaya hazırlığı genişləndirir. Litvada Belarus sərhədinə yaxın yerləşən Pabradė poliqonunda minlərlə NATO hərbçisinin iştirakı ilə alyans ərazisinin müdafiəsinə yönəlmiş genişmiqyaslı təlimlər keçirilib.

Bu barədə “Euronews” xəbər yayıb.

Belarus sərhədindən bir neçə kilometr məsafədə yerləşən poliqonda keçirilən altı həftəlik təlimlərə təxminən 3 min hərbçi cəlb olunub. Təlimlərin əsas iştirakçı qüvvəsini Almaniya hərbçiləri təşkil edib.

“Freedom Shield I” adı altında keçirilən manevrlər zamanı müxtəlif döyüş ssenariləri üzrə hazırlıq aparılıb. Hərbçilər pilotsuz uçuş aparatları, radioelektron mübarizə sistemləri, ağır zirehli texnika, artilleriya, helikopter və döyüş təyyarələrindən istifadə etməklə şərti düşmənin hücumuna qarşı müdafiə əməliyyatlarını məşq ediblər.

Təlimlərin əsas qüvvələrindən biri Almaniyanın 45-ci Zirehli Briqadasıdır. “Litva briqadası” kimi də tanınan bu hərbi birləşmənin əsas missiyası NATO-nun şərq cinahında çəkindirmə imkanlarını artırmaq və Litvanın müdafiəsini gücləndirməkdir.

Almaniya əvvəlcədən 2027-ci ilin sonunadək Litvada təxminən 4 800 hərbçinin daimi yerləşdirilməsinə qərar verib. Planlara əsasən, briqada beş taborun tərkibində formalaşdırılacaq və hərbi qulluqçular iki müxtəlif ərazidə yerləşdiriləcək.

Almaniyanın Litvada daimi hərbi kontingent yaratmaq qərarı NATO-nun şərq cinahında təhlükəsizlik vəziyyətinin dəyişməsi fonunda qəbul edilib. Berlin 2017-ci ildən Litvada NATO-nun çoxmillətli döyüş qrupunun fəaliyyətində iştirak edir. Lakin əvvəlki dövrdə bu qüvvələr rotasiya əsasında yerləşdirilir, şəxsi heyət və texnika müəyyən aralıqlarla dəyişdirilirdi.

Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Litva NATO-dan ölkədə daha böyük və uzunmüddətli hərbi iştirak tələb edib. Həmin ilin iyununda Almaniyanın keçmiş kansleri Olaf Şolts Berlinin Litvada briqada yerləşdirəcəyini açıqlayıb.

Şolts Bundestaqdakı çıxışında Almaniyanın Litvada güclü Bundesver briqadasının daimi mövcudluğunu təmin edəcəyini və böhran vəziyyətində bu qüvvələrin Almaniyadan əlavə hərbi birliklərlə qısa müddətdə gücləndirilə biləcəyini bildirib.

Almaniyanın yeni hərbi planı NATO-nun Baltikyanı regiondakı müdafiə imkanlarının artırılması baxımından mühüm addım hesab olunur. Litvanın Belarusla sərhədə yaxın yerləşməsi isə bölgəni alyansın şərq cinahında mümkün qarşıdurma ssenarilərinə hazırlıq baxımından strateji əhəmiyyətli ərazilərdən birinə çevirir.

Vilnüsdə Almaniya və Litva arasındakı təhlükəsizlik əməkdaşlığının mahiyyətini ifadə edən lövhədə Almaniya kansleri Fridrix Mersin sözləri də yer alıb: “Litvanın təhlükəsizliyi bizim də təhlükəsizliyimizdir. Vilnüsü qorumaq Berlini qorumaq deməkdir”.

Beləliklə, Berlinin Litvada daimi hərbi qüvvə yerləşdirmək planı yalnız ikitərəfli müdafiə əməkdaşlığının genişləndirilməsi deyil, həm də NATO-nun şərq sərhədlərində mümkün təhdidlərə qarşı uzunmüddətli hərbi strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir.