Advertisment

“TBMM-nin qərarı qəbul etməməsi bizim üçün çox sevindirici bir nəticə oldu”

Türkiyə Böyük Millət Məclisində xarici vətəndaş olan həkim və uzmanların əlavə ödəniş hüququnu məhdudlaşdıran maddənin geri çəkilməsi ədalətli və təqdirəlayiq qərardır. Bu addım eyni işi görən həkimlər arasında bərabərlik prinsipinin qorunmasına xidmət edir və minlərlə xarici həkimin haqqını müdafiə edir. Türkiyədə təhsil alan həkim-uzmanlarımız bu məsələnin həllində göstərilən xidmətlərə görə öz minnətdarlıqlarını bildirir. Bakıya yay məzuniyyəti üçün gələn Kocaeli Universitetinin elmi-tədqiqatçısı, həkim rezident Amal Həşimova redaksiyamızın qonağı oldu. Amal xanım da belə bir qanunun qəbul olunmamasında Azərbaycanın tanınmış eksperti, Qardaşlığımız Əbədidir QHT Koalisiyasının sədri, Azərbaycan Hərbi Yönümlü Təşkilatlar İttifaqının rəhbəri Emin Həsənlinin müstəsna fəaliyyətini müsbət qiymətləndirdi. Bildirdi ki, 2026-cı ilin iyun ayında Türkiyə Böyük Millət Məclisinə təqdim olunan qanun layihəsində təkliflərdən biri də xarici vətəndaş statusunda Türkiyədə rezidentura təhsili alan həkimlərin əlavə ödənişlərdən yararlandırılmaması idi:

“Biz xarici vətəndaş rezident həkimlər status etibarilə tələbə hesab olunduğumuz üçün həkim maaşı almırıq, sosial sığortamız da yoxdur. Yeganə gəlir mənbəyimiz xəstəxanalar tərəfindən ayrılan əlavə ödənişlərdir. Əgər həmin təklif qəbul olunsaydı, bir ay ərzində gördüyümüz bütün fəaliyyətin qarşılığında yalnız 17 900 TL məbləğində sabit ödəniş alacaqdıq. Bu isə mövcud Türkiyə şərtlərində hətta ən əsas yaşayış ehtiyaclarını belə qarşılamağa kifayət etməyən bir məbləğdir”.

Amal xanım deyir ki, Qanun layihəsi ilk mərhələdə komissiyadan keçərək ümumi səsvermə mərhələsinə çatdı. Artıq elə bir məqam yaranmışdı ki, ümidlərimizi tamamilə itirmişdik və komissiyadan keçmiş qanun layihəsinin geri qaytarılmasının mümkün olmayacağını düşünürdük:

“Biz məsələnin həllinə nail olmaq üçün fəaliyyətimizi dayandırmadıq. Bununla fəal şəkildə məşğul olmağa başladıq və müxtəlif qurumlara, eləcə də nüfuzlu şəxslərə dəstək üçün müraciətlər etdik. Türkiyənin yüksək siyasi və hərbi dairələrində nüfuz və hörmət sahibi olan Emin Həsənliyə edilən müraciət isə son anda bizə böyük ümid verdi. Qısa zaman içərisində Emin bəy inanılmaz dərəcədə bizlərə mühüm əhəmiyyət kəsb edəcək böyük işlər gördü. Bu prosesdə Emin Həsənlinin çox böyük dəstəyi və əməyi oldu. O, məsələnin ilk günlərindən həll olunana qədər təxminən 7–10 gün ərzində bütün həyəcanı bizimlə birlikdə yaşadı, prosesi yaxından izləyərək yanımızda oldu. Qısa müddət ərzində keçirilən çoxsaylı görüşlərin təşkilində şəxsən iştirak etdi və arxa planda böyük zəhmət çəkdi. Xüsusilə, hakim Ədalət və İnkişaf Partiyasının rəhbərliyi, Türk Dünyası üzrə sədr müavini Kürşad Zorlu, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım, eləcə də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının Türk Dünyası üzrə sədr müavini, TBMM  Milli Təhsil Komissiyasının sədr müavini, professor İlyas Topsakal, MHP İzmir millət vəkili Tamer Osmanağaoğlu və MHP-dən olan digər millət vəkilləri ilə görüşlərin təşkilində onun mühüm rolu oldu. Hər gün Türkiyənin rəsmi şəxsləri ilə Emin bəyin danışıqları, aparılan görüşlər və göstərilən səylər öz bəhrəsini verdi. Bu görüşlərin nəticəsində məsələ yenidən dəyərləndirildi. Nəticədə qanun təklifi geri çəkildi və şükürlər olsun ki, sonda Türkiyə Böyük Millət Məclisi bu qərarı qəbul etmədi. Bu, bizim üçün çox sevindirici bir nəticə oldu”.

Qardaşlığımız Əbədidir QHT Koalisiyasının sədri Emin Həsənli isə bu nəticə münasibətilə qardaş ölkədə təhsil alan həkim rezident Amal Həşimovanı bir daha təbrik etdi. Bu məsələ ilə bağlı keçirilən görüşləri, alınan müsbət nəticəni xatırladaraq Türkiyədə təhsil alan həkimlər tərəfindən ona edilən təşəkkür və minnətdarlıqları qeyd etdi. Bildirdi ki, ən böyük təşəkkür Azərbaycan və Türkiyə qardaşlığına düşür:

“Mən də öz növbəmdə bizə bu prosesdə böyük dəstək göstərən millət vəkillərinə, Ədalət və İnkişaf Partiyasının rəhbərliyində təmsil olunan şəxslərə, eyni zamanda MHP sədri hörmətli Dövlət Baxçalıya minnətdarlığımı bildirirəm”.

Elnurə İSAXAN