Advertisment

Polşa və Ukrayna “Patriot” üçün raket istehsalına başlayır

Polşa Ukrayna ilə əməkdaşlıq çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemləri üçün PAC-3 önləyici raketlərinin istehsalını nəzərdən keçirir.

Ordu.az-ın məlumatına görə, bu barədə “The Gaze” “European Pravda”ya istinadən xəbər yayıb.

Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski bildirib ki, ölkənin ərazisində PAC-3 raketlərinin istehsalı üçün lazımi sənaye imkanları və təcrübə mövcuddur. Onun sözlərinə görə, Varşava Ukrayna ilə birgə istehsal imkanlarını araşdırmağa hazırdır.

Zalevski Avropada “Patriot” raketlərinin istehsalının həm qitənin müdafiə imkanlarını artıracağını, həm də ABŞ-dəki məhdud istehsal gücünün yükünü azaldacağını qeyd edib. Polşa artıq “Lockheed Martin” və ABŞ administrasiyası ilə məsələni müzakirə edir.

O, Polşa, Ukrayna və Almaniya şirkətləri arasında əməkdaşlığın mümkün olduğunu vurğulayıb.

Bu təşəbbüs “Patriot” raketlərinə artan tələbat fonunda irəli sürülüb. ABŞ və NATO rəsmilərinə görə, Avropadakı ABŞ qüvvələri bu raketlərin ciddi çatışmazlığı ilə üzləşir. Mövcud vəziyyət NATO-nun mümkün Rusiya ballistik raket hücumlarına qarşı müdafiə imkanları ilə bağlı narahatlıq yaradıb.

Zalevskinin sözlərinə görə, məqsəd rəqabət aparmaq deyil, Polşa, Ukrayna və digər müttəfiqlərin müdafiə imkanlarını gücləndirməkdir.