Advertisment

Vətən müharibəsi şəhidləri Niyaməddin İsgəndərovun və Elçin Əsgərovun xatirəsi ehtiramla yad edilib

Kəngərli rayonunun Xok kəndində və Qıvraq qəsəbəsində Vətən müharibəsi şəhidləri əsgər Niyaməddin Qulu oğlu İsgəndərovun və leytenant Elçin Yalçın oğlu Əsgərovun anım günləri münasibətilə məzarları ziyarət olunub, əziz xatirələri dərin ehtiramla yad edilib.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, tədbirlər Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca dini icmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.

Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhidlər Niyaməddin İsgəndərovun və Elçin Əsgərovun həyat və döyüş yolundan, Vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan danışıb. Bildirilib ki, Xok kəndinin və Qıvraq qəsəbəsinin igid övladlarının əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların Vətənə sədaqəti və fədakarlığı gələcək nəsillər üçün örnək olacaq.

İcra başçısı Vətən müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycan xalqının qürur və qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıb. Qeyd edib ki, bu Qələbənin təməli Ümummilli Lider Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti və dövlətçilik strategiyası ilə qoyulub.

Həmin siyasi xətti uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətlərinin heç vaxt unudulmayacağı, onların əziz xatirəsinin daim uca tutulacağı diqqətə çatdırılıb.

Şəhid ailələrinin üzvləri, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Əli Əlisoy və digər çıxış edənlər qəhrəmanlarımızın şərəfli döyüş yolundan, Vətən naminə göstərdikləri fədakarlıqdan bəhs ediblər.

Çıxışlarda şəhidlərimizin xalqımızın yaddaşında əbədi yaşayacağı, onların qəhrəmanlığının gələcək nəsillərə vətənpərvərlik nümunəsi olacağı vurğulanıb. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə məktəblilər şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda şəhidlərin məzarları ziyarət olunub, önlərinə tər qərənfillər düzülüb, əziz xatirələri dərin ehtiramla yad edilib. Tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.

Bəxtiyar Əliyev