Advertisment

Mürəkkəbin alovundan pərvazlanan sükutun elegiyası

Əlahəzrət və bakirə vərəqə toxunan qələm, ölməyə məhkum edilmiş bir cahanı bir anın içində yandırıb külə döndərən o tək bir kibrit dənəsindən qat-qat dəhşətli, qat-qat amansız bir alovun baiskarıdır. Kibrit nədir ki? O, yalnız maddənin asılılığından doğan, ani və kor bir qəzəbdir.

Bir saniyəlik parlaqlıq, bir neçə qram taxta hissəciyinin kül olması və geridə qalan sovuşmuş bir ovuc qara kül... Kibritin yandırdığı sadəcə ağacdır, parça parçasıdır, bəlkə də soyuq bir otağın havasıdır.

Onun alovu cismə toxunar, cismi məhv edər və bitər. Ən dəhşətli yanğınlar belə dayandırıla bilər: su tökərsən, söndürərsən, kömürləşmiş torpağın üstündə yeni bir cücərti boy göstərər. Çünki kibritin alovu maddidir. O yalnız zaman və məkan daxilində yanar.

Lakin qələm... Qələmin vərəqə toxunduğu o xəfıf, demək olar ki, eşidilməz pıçıltı insanlıq tarixinin ən dağıdıcı, ən sarsıdıcı yanğınının qığılcımıdır. Qələm maddəni yandırmaz; qələm ruhu, şüuru, nəsilləri və bütöv mədəniyyətləri yandırar.

Kibrit bir evi kül edə bilər, amma qələmin kömürləşdirdiyi ideyalar, cızdığı xəritələr, yazdığı fərmanlar milyonlarla insanın taleyini, ömrünü və gələcəyini alovun içinə atar. Bir hökmdarın vərəqə toxundurduğu tək bir mürəkkəb damcısı, minlərlə şəhərin alovlar içində yanmasından daha çox qan və fəlakət gətirər.

Çünki o mürəkkəb damcısı ətdən və sümükdən olan insanı yox, onun daxilindəki insanlığı yandırır. Nizami, Füzuli, Dostoyevski və ya Şekspir bir cümlə yazanda, o cümlə əsrlər keçsə də sönmür.

Amma bu alovun qaranlıq, dəhşətli bir tərəfi də var: nifrət, yalan və təşviqat dolu bir qələm vərəqə toxunduğu an, bütöv bir cəmiyyətin mənəviyyatını məhv edən elə bir yanğın başlayır ki, onu heç bir dəniz, heç bir okean söndürə bilməz. Kibritin alovundan qaçıb xilas olmaq mümkündür; bəs zəhərli bir qələmin şüurlara saldığı o gizli yanğından necə qaçmaq olar?

Sən kibritin yandırdığı yaraya məlhəm qoya bilərsən, dəri bitişər, ağrı keçər. Lakin bir qələmin vərəqə həkk etdiyi tək bir söz qəlbi, inamı və ruhu elə bir alovla yandırar ki, o yanğın insanın daxilində ömrünün sonunadək tüstülənməyə davam edər.

O külün altından bir daha heç nə göyərməz. Kibrit sadəcə bir anlıq işıqdır və keçmişdə qalır. Qələm isə zamanı aşan bir alovdur. O, bu gün vurulan bir nöqtə ilə gələcək əsrlərin sakitliyini qovur, diriləri susdurur, ölüləri danışdırır. Vərəqə toxunan o incə qara xətt əsrlərin o başından bu başına qədər uzanan, söndürülməsi qeyri-mümkün olan bir məşəldir.

Və bu məşəl ya yolumuzu işıqlandıracaq, ya da bütün varlığımızı kökündən yandırıb yox edəcək. Çünki kibrit bir maddəni kül edib susar, amma qələm vərəqə bir dəfə toxunduqda, onun alovu insanın ruhunda əbədi olaraq yanmağa davam edər.

Tural İbrahim,

Yazıçı-publisist