Advertisment

“Müstəqillik böyük sərvət, onu qorumaq milli məsuliyyətdir”-Sədr

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd etdi. Müstəqillik xalqımızın əsrlər boyu apardığı azadlıq mübarizəsinin və milli iradəsinin təntənəsidir. 

Lakin müstəqilliyi əldə etmək qədər onu qorumaq, dövlətçilik ənənələrini möhkəmləndirmək və milli dəyərləri gələcək nəsillərə ötürmək də vacibdir. Son illər Azərbaycanın Qarabağda qazandığı Zəfər, müstəqil siyasəti və dünyəvi təhsil ənənələri ətrafında aparılan müzakirələr bu məsələlərin aktuallığını daha da artırır. 

Sosial Hüquqların Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri Xəzər Teyyublu Herbiand.az-a açıqlamasında müstəqilliyimizin qorunmasının, dünyəvi təhsil modelimizin və milli-mədəni irsimizin əhəmiyyətindən danışıb:

“Müstəqillik xalqın ən böyük milli sərvəti, dövlətçiliyin və gələcəyin əsas təminatıdır. Dünyada minlərlə xalq və etnik birlik yaşasa da, müstəqil dövlətlərin sayı təxminən 195-dir və bu fakt dövlət müstəqilliyinin nə qədər böyük tarixi nailiyyət olduğunu göstərir. Buna görə də hər bir Azərbaycan vətəndaşı müstəqilliyimizin qədrini bilməli, onun qorunmasını milli məsuliyyət və vətəndaşlıq borcu kimi qəbul etməlidir. 

Təəssüf ki, son illər Azərbaycanın müstəqil siyasəti, Qarabağda qazandığı tarixi Zəfər və milli iradəsi bəzi dairələrdə qısqanclıqla qarşılanır. Bununla yanaşı, cəmiyyətimizin dünyəvi əsaslarına və təhsil ənənələrinə təsir göstərmək, formalaşmış maarifçilik modelimizi zəiflətmək cəhdləri də narahatlıq doğurur. 

Halbuki Azərbaycanın təxminən iki əsrlik dünyəvi təhsil və maarifçilik ənənələri ölkəmizin elmi, mədəni və ictimai inkişafında mühüm rol oynayıb. Məhz bu ənənələr sayəsində Azərbaycan cəmiyyəti dünya elminə, təbabətinə, ədəbiyyatına və incəsənətinə dəyərli töhfələr verən ziyalılar yetişdirib.

Bu gün bizim peşəkar opera və teatr məktəbimiz, zəngin musiqi irsimiz, rəssamlıq ənənələrimiz və beynəlxalq səviyyədə tanınan incəsənət nümunələrimiz var. Bütün bunlar xalqımızın intellektual potensialının, mədəni özünəməxsusluğunun və dünyaya açıq düşüncə tərzinin göstəricisidir”. 

Xəzər teyyublu deyib ki, milli və dini dəyərlərimizi qorumaqla yanaşı, dünyəvi təhsil prinsiplərinə, vicdan azadlığına və elmi düşüncəyə də sahib çıxmalıyıq. “Təhsilin ideoloji təsirlərdən qorunması, uşaqların keyfiyyətli və dünyəvi təhsil almaq hüququnun təmin edilməsi dövlətimizin və cəmiyyətimizin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Əminəm ki, müstəqilliyimizə, Qarabağ Zəfərimizə, milli-mədəni irsimizə və maarifçilik ənənələrimizə sahib çıxmaqla Azərbaycanın gələcək nəsillərə daha güclü dövlət kimi ötürülməsinə töhfə verə bilərik”-deyə, o, bildirib.

Aydın
Herbiand.az