Advertisment

Xəyalı Vətənə çevrilən qəhrəman: “Vətənin Xəyali” kitabı təqdim olundu-FOTOLAR

"Vətənin xəyalı"
6 il öncə 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqının 30 il boyunca azadlıq xəyallarını qurduğu torpaqlarımız azadlığa qucaq açdı. Bu azadlıq isə şəhidlərimizin, qazilərimizin qanları ilə tarixə və vətən torpağına həkk olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının illər boyu düşmənlə apardığı sülh danışıqları nəticəsiz qaldığı üçün müharibə qaçılmaz oldu. 27 sentyabr 2020-ci il tarixində "İrəli" əmri ilə Zəfər yollarına addım atıldı. İşğal altında inləyən torpaqlarımız kənd-kənd, şəhər-şəhər azad olundu.

Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan düşmən ordusu məğlubiyyətə uğradı. Lakin bu qalibiyyət qurbansız olmadı. Neçə-neçə qəhrəman canını, əzasını, arzularını vətənə qurban edərək vətənləşdi. O qəhrəman oğullardan biri də Məmmədov Xəyal Ağabəy oğlu oldu.

Məmmədov Xəyal Ağabəy oğlu 18 noyabr 1986-cı ildə Şəkidə dünyaya göz açıb və  ömrünü Vətənə xidmətə həsr edib. 1993-cü ildə Şəki şəhər 5 nömrəli tam orta məktəbdə təhsil almağa başlayan Xəyal 2001–2004-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə,  2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb. Leytenant rütbəsindən mayor rütbəsinə qədər yüksələn Xəyal Məmmədov şərəfli zabit yolu keçib. 

2016-cı ilin Aprel döyüşlərində Vətənin müdafiəsində dayanaraq, yaralıların vaxtında təxliyəsində bilavasitə iştirak edib. 2020-ci ildə Vətən müharibəsi başlayanda isə öz istəyi ilə ön cəbhəyə yollanıb. Cəbrayılın və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə böyük əzmkarlıq göstərib. 2020-ci il 20 oktyabrda Qubadlının Yazı düzündə gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Xəyal Məmmədovun şəhadətinin altıncı ildönümündə yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri Manya Səxavətqızının qəhrəman şəhidimizin şərəfli ömür və döyüş yolunu qələmə aldığı 14-cü kitabı "VƏTƏNİN XƏYALI" şəhidimizin ailəsinə və oxuculara təqdim edilib. 20 oktyabr 2026-cı ildə Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatında keçirilən təqdimat mərasimi dövlət nümayəndələrinin, Xəyalın kursant yoldaşlarının, silahdaşlarının, dostlarının və Xəyalsevərlərin iştirakı ilə təşkil edilib.

İlqar Mikayıloğlunun aparıcılığı ilə keçirilən tədbir bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. İlk olaraq kitabın müəllifi Manya Səxavətqızı kitab haqqında qonaqlara ətraflı məlumat verdi. Mərasimdə Milli Məclisin deputatı Vüqar İskəndərov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Nizami Bələdiyyəsinin sədr müavini Yeganə Abbasova, Geologiya İnstitutunun direktoru Elçin Vəliyev, 337 nömrəli tam orta ümumtəhsil məktəbinin sabiq direktoru Naimə Əliyeva, “Vətən Fədailəri” layihəsinin dəstəkçisi Şahin Məmmədov, eləcə də şəhidin hərbçi yoldaşları, dostları və silahdaşları çıxış etdilər.

Xəyalsızlığın acısı və Xəyalın şəhid adının qüruru gözlərindən oxunan tədbir iştirakçıları "VƏTƏNİN XƏYALI" kitabının səhifələrində körpə Xəyalı, məktəbli Xəyalı, kursant Xəyalı, qəhrəman Xəyalı tapdılar. Kiminə oğul, kiminə qardaş, kiminə yar, kiminə ata, kiminə dost, kiminə sirdaş olan Xəyal Məmmədov Vətənə can, xalqa ümid oldu.
Qeyd edək ki, "VƏTƏNİN XƏYALI" kitabı bu sözlərlə başlayır:

"VƏTƏNİN XƏYALI" insanın vətənli duyğularının, sevgisinin təzahürüdür. Vətən insanın kimliyi, mənliyidir. İnsan kimliyini, mənliyini itirməklə heç zaman barışmaz. Xəyal da barışmadı. Həyatı dərk edəndən xəyalı Qarabağın azadlığına töhfə vermək oldu. İşğal altında olan vətəni uzaq düşdüyü cənnət hesab etdi. Bir gün o cənnətə qayıtmağı xəyal etdi. Bir gün o cənnətə ruhu ilə sarılacağını xəyal etdi. “VƏTƏNİN XƏYALI” Xəyalın vətən həsrətinin məbədi idi. O xəyallara tapınan, o xəyalların gerçək olması üçün candan keçən Xəyal bu gün özü ürəklərdə və vətəndə bir məbədə çevrilib.

Xəyal “VƏTƏNİN XƏYALI” olan qəhrəman oğullardan biri idi. O, özlüyündə “Mən kiməm?” sualına ən gözəl şəkildə cavab verdi. Vətəni azadlıq xəyallarına çatdırdı və xəyallarda iz qoymağı bacardı.
“VƏTƏNİN XƏYALI” azadlığın vətənə düşən əksi, qəhrəmanlığın özü, həyatın sonsuzluğu olan ölümsüzlükdür.

Kitab tarixin gələcəyə çatdırılması üçün bir vasitədir. Tarix boyu xalqımızın başına gətirilən faciələri kitablardan oxumuşuq. Artıq 6 ildir ki, qalibiyyət kitabların əsas mövzusu olub. Bu kitab da məhz həmin kitablardan biridir. 
"VƏTƏNİN XƏYALI"–Xəyal kimi oğul idi.
"VƏTƏNİN XƏYALI"–Xəyalın ən gözəl xəyalı idi.
"VƏTƏNİN XƏYALI"–Xəyal bir ailənin deyil bütün "VƏTƏNİN XƏYALI" oldu.

Manya SƏXAVƏTQIZI
AYB-nin və AJB-nin üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri