Advertisment

Məşhur futbolçunun adını daşıyan, dostu uğrunda canından keçən şəhidin döyüş hekayəsi

 “Susmayan xatirələr” silsilə yazısının bu dəfəki qəhrəmanı Səməd Qurbanovdur. 

Dosye: 

Səməd Bakir oğlu Qurbanov 20 sentyabr 1974-cü ildə Ağdam rayonunun Quzanlı kəndində doğulub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi daxili qoşunlarında xidmət edib. 6 oktyabr 1992-ci ildə xidmətə başlayıb, 12 fevral 1993-cü ildə Ağdərə rayonunun Qoçoqot (Yayıcı) yüksəkliyində şəhid olub.

Səməd məndən bir sinif yuxarıda oxuyurdu. Qonşu məhəllədə yaşayırdı. Bununla belə, mal-qaranı otarmağa eyni örüşə gedərdik. Bəzən futbol meydançasına görüşərdik. Səməd olduqca həyatsevər, düşüncəli və mərd bir oğlan idi. 1991-ci ildə kənd orta məktəbini uğurla bitirdikdən sonra əmək fəaliyyətinə doğma kəndində, kolxozda başlamışdı.

“Yaşasaydı, bacarıqlı iş adamı olacaqdı”

Səməd haqqında xatirələrini onun böyük qardaşı Mürsəl və sinif yoldaşı Əkbər müəllimlə bölüşürük. Qardaşını xatırladıqca gözləri uzaqlara dikilən, kövrələn Mürsəl isə ondan danışmaqdan doymur. 

"Səməd və bacım məndən kiçik idilər. Amma o və bacım mənə sadəcə bir qardaş kimi deyil, sanki ikinci bir ata kimi baxırdı. Uşaqlıqda mən sakit, Səməd isə çox diribaş idik. Anam zarafatla deyirdi ki, Səməd qoçaqdır, özünə gün ağlayacaq, sən isə bir yana çıxa bilməyəcəksən. Səməd də dərhal dillənirdi: “Mən iş quracağam, Mürsəl də yanımda işləyəcək”. Bu sözdən pərt olduğumu görəndə isə tez sözünə düzəliş verirdi: “Zarafat edirəm, sən məndən də qoçaqsan”.

Səmədin arzuları çox böyük idi; mühasib olmaq, öz işini qurmaq, maşın almaq, ev tikdirmək istəyirdi. Yaşasaydı, mütləq uğurlu bir iş adamı olacaqdı...

Atamız Bakir Qurbanov da hərbidə olub. Sovet ordusunda xidmət edib. 1968-ci ildə ölkənin şərqində baş verən hərbi toqquşma zamanı gözü şüalanmaya məruz qaldığı üçün 2-ci qrup əlil olmuşdu. Onun sosial güzəştləri Boyük Vətən Müharibəsi veteranlarına bərabər tutulurdu. 

“Ona ilk olaraq Elbrus adını veriblər”

Atam futbol azarkeşi idi. Yeri gəlmişkən, elə Səmədin adının da maraqlı tarixçəsi var.

Valideynlərim Səməd dünyaya gələndə ailəmiz adını “Elbrus” qoymaq istəyiblər. Bu niyyətlə kənd sovetinə gedim ki, sənəd alsın. O zaman kənd sovetində Sarı adlı bir katib var idi, “Neftçi” futbol klubunun hücumçusu Səməd Qurbanovun da məşhur olan vaxtları idi. 

Sarı deyib ki, özün futbol azarkeşisən, soyadın da Qurbanovdur. Gəl, uşağın adını Səməd yazaq. Beləliklə, onun adını Səməd yazdırıblar”.

“Onu bizə sevdirən comərdliyi idi”

Sinif yoldaşı Əkbər Məmmədov da Səməd haqqında xatirələrini bölüşür. Deyir ki, Səməd yeniyetmə çağlarından vətənpərvər insan olub: “Yadımda bir hadisə qalıb. 1990-cı ilin 20 Yanvar qırğınından sonra idi. O məşum gecənin səhəri kəndin mərkəzində rastlaşdıq. Gözlərində kədər vardı. Danışırdı ki, dünən televiziyada o kadrları görəndə özümə gələ bilmədim. Səhərə qədər yatmamışam”. 


Əkbər müəllim deyir ki, Səməd gənc yaşlarından ağlı, müdrikliyi və mühakimə yürütmək qabiliyyəti ilə yaşıdlarından seçilirdi. Bundan başqa o sinifdə əliaçıqlığı, comərdliyi ilə fərqlənirdi: “Bir parça çörəyini belə yoldaşları ilə bölməyi bacarırdı. Onu bizə sevdirən də bu keyfiyyətləri idi”. 

“Vətən sevgisi onu Bakıdan Qarabağ cəbhəsinə gətirdi”

Mürsəl özü də Sovet ordusunda xidmət edib. 
“Mən o hərbi xidmətə getmək üçün hərbi komissarlığa getdim. Orda dedilər ki, atan 2-ci qrup əlildir və Səmədin də hələ 18 yaşı tamam olmayıb, buna görə səni apara bilmərik. İsrar etdim, dedilər ki, gərək Prezidentə məktub yazasınız, valideynlərin də razılığı olsun. Yazdıq, 5 günə cavab gəldi ki, hərbi xidmətə gedə bilər, amma Azərbaycanda qalmaq şərtilə. Sovet ordusunun Azərbaycandakı bölməsində xidmətə başladım. Sovet ordusunda olanda Qarabağa gəldim, Şirin Mirzəyevin qəbulunda oldum. Milli Qəhrəman Şirin Mirzəyev mənə könüllü kimi 2 illik müqavilə bağlamağı təklif etdi. 

A1 il 7 ay xidmət etdikdən sonra tərxis olundum. Kəndə qayıdandan az sonra Səmədin çağırış yaşı çatdı. 1992-ci ilin oktyabrında onu həqiqi hərbi xidmətə apardılar. Bakıda, Böyük Şorda yerləşən daxili qoşunlara düşmüşdü. Lakin o və dostları- Natiq Rüstəmov, Hüseyn Allahverdiyev, Rafiq Hüseynov Bakıda rahatlıq tapmırdılar. Deyirdilər ki, vətən torpaqları darda ikən biz Bakıda xidmət edə bilmərik. alovlanarkən orada qala bilməzdilər. Aktyor Sadıq Hüseynovun da xahişi və özlərinin yazdığı könüllü ərizə ilə Qarabağ cəbhəsinə yollandılar.

Bakıda 3 ay sürətli təlim keçdikdən sonra Xındırıstana, Şabanovun briqadasına gəldilər. Yadımdadır, o vaxt Səmədə dedim ki, niyə gəlirdin, xidmət hər yerdə xidmətdir. Qalıb xidmətini edəydin. Dedi yox, "Qarabağda ilk olaraq biz döyüşməliyik”. 

Səmədgilin hərbi hissəsi Fərrux dağında, Xramortda mövqelənmişdilər. Mürsəl deyir ki, o zaman Səmədi görmək üçün həmin zonaya gedib və durumun yaxşı olmadığını görüb: “Fərruxa, onunla görüşməyə getmişdim. Yuxarıdan cəbhədən şəhidləri, yaralıları düşürdülər. Oradakı ağır və dəhşətli vəziyyəti gözlərimlə görürdüm, ordunun nə qədər çətin şəraitdə vuruşduğunu hiss edirdim”.
Hərbi sursat tamamilə tükənsə də, onlar fevralın 12-si səhər saat 08:30-dək qəhrəmancasına müqavimət göstərirlər. Döyüşdə iştirak edən 275 nəfərlik şəxsi heyətdən yalnız 91 nəfər mühasirəni yararaq sağ çıxmağa nail olur. 


“Dedi ki, şəhid olanlar bizdən artıq deyil ki…”

Səməd Mürsəlin toyunda da iştirak edib. Dostu Natiqlə birgə gəlibmiş toya. Natiq Səmədin dostu, sinif yoldaşı, həm də Mürsəlin qayını idi.
“1993-cü il yanvarın 22-də mənim toyum oldu. Səməd Natiqlə birgə toyuma gəldi. Onu görəndə özümü saxlamayıb ağladım, içimdə dəhşətli bir qorxu və bəd xəbər nisgili var idi. Maraqlıdır ki, Səməd mənə ürək-dirək verdi. -Ağlama, orada şəhid olan qardaşlarımızdan artıq deyilik ki. Qismətimizdə nə varsa o da olavcaq- dedi. Toyda əhvalı çox yaxşı idi, danışıb güldülər, xoş arzularını bildirdilər. Yadımdadır kəndə ard-arda şəhidlər gəldiyi üçün toyumuzu çalğısız etdik. Hətta gəlin gətirən maşınlar belə siqnal vermədi...”-Mürsəl soyuq yanvar günlərini belə xatırlayır.

Səmədin xidmət etdiyi hissə qiyamçı polkovnik Surət Hüseynov xəyanətlə qoşunlarını Ağdərədən geri çəkəndən sonra həmin istiqamətə yollanır. Ağdərə istiqamətində həmin hissə misilsiz qəhrəmanlıqlar göstərir. Mürsəl deyir ki, həmin vaxt televiziyada Natiq və Səmədin də göründüyü videokadrlar nümayiş etdirilib. “Daxili Qoşunların qərargahının yaydığı döyüş kadrlarında onlar var idi. Natiq barmağı sarıqlı halda qumbaraatan  atırdı, Səməd avtomatla döyüşürdü”. 

Səmədlə Natiq kənddə olanda da birlikdə gəzir, dostluq edirdilər. Hərbi xidmətdə də birlikdə olublar, döyüşlərə birgə giriblər. Əsgər yoldaşları onları “xalaoğlu” adlandırırmış.

Son döyüşləri Koçakot (indici Yayıcı) kəndi yaxınlğında olub.

“Ağdərəyə getdiklərindən 1 həftə keçməmişdi... Donuz fermasının yanında, Koçaqot-Drambon (indiki Yayıcı və Heyvalı kəndləri) yaxınlığında mövqe tutmuşdular. O döyüşdə kəşfiyyat bərbad işləmişdi, düzgün məlumat verilməmişdi. Şiddətli döyüş başlayır.

Döyüş yoldaşları Rafiq Hüseynovu çayın qırağında vururlar. Səməd tərəddüd etmədən köməksiz qalan dostunu xilas etmək üçün irəli atılır. Rafiqin yanına çatanda düşmən snayperi Səmədi vurur... Bunu görən Natiq Səmədi döyüş meydanından çıxarmaq üçün özünü irəli atır, bu zaman xain gülləsi Natiqə tuş gəlir. Natiqi düşmən snayperi sifətindən vurubmuş”-deyə, Mürsəl bildirir.

Qeyd edək ki, 1993-cü il yanvarın 8-də Səmədin xidmət etdiyi tabor Ağdam bölgəsinə ezam olunur. Cəmi iki gün sonra-yanvarın 10-da onlar strateji əhəmiyyətli Fərrux dağının müdafiəsinə cəlb edilirlər. 

Yanvarın 30-da düşmən təxribatının qarşısı alındıqdan sonra tabor Ağdərə istiqamətinə yönləndirilir. Səməd və döyüş yoldaşları Ağdərə ərazisində bir sıra uğurlu əməliyyatlarda iştirak edirlər.
Onlar 6–8 fevral 1993-cü ilin 6, 7, 8 fevral tarixində Mehmanə kəndi uğrunda şiddətli döyüşlərə qatılır, həmin ayın 9 və 10-da Drmbon (Heyvalı) kəndi istiqamətində uğurlu hücum əməliyyatlarda iştirak edirlər. 

1993-cü il fevralın 11-də tabor Qoçoqot (Yayıcı) yüksəkliyini düşmən işğalından azad edir. Lakin mövqeləri qoruyub saxlamaq üçün əlavə canlı qüvvə və sursat dəstəyi gəlmədiyindən döyüşçülərimiz mühasirəyə düşür. 
Əsgər yoldaşları deyir ki, komandirləri Səmədlə Natiqdən ağızdolusu danışardılar. Onlar gənc əsgərləri döyüşə ruhlandırır, mənəvi dayaq olurmuşlar.

Mürsəl kədər və sevinc qarışıq hisslər keçirir. Deyir ki, müharibə əjdaha kimi oğullarımızı əlimizdən alsa da, onların qəhrəmanlığı sayəsində bu gün doğma torpağımızda başıuca gəzə bilirik:

“Amma bizə çətindir Səmədin şəhid olduğu torpaqlara getmək. Keçən dəfə anamgil Ağdərəyə, həmin yerlərə getmişdi. Qayıdandan sonra günlərlə özünə gələ bilmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz çox çətin, ağrılı günlər yaşadıq.

 Amma şükürlər olsun ki, 26 ildən sonra torpaqlarımız azad olundu, şəhidlərimizin qanı yerdə qalmadı. Qoy, bir daha ölkəmiz o cür acı günləri yaşamasın. Bu torpaqlarda həmişə sülh, əmin-amanlıq olsun, anazların gözü yaşlı qalmasın, oğullarımız ölməsin”.

Elman Cəfərli
Herbiand.az