Advertisment

“Bu kimi hallar sərhədlərin müəyyən olunmasına və kəndlərin qaytarılmasına təsir edə bilməyəcək” - Politoloq

Ermənistan Baş naziri Nikol Paşinyan Tavus vilayətinin sərhəd yaşayış məntəqələrinin sakinləri ilə görüşündə deyib ki, gələn həftədən başlayaraq Tavuş kəndlərinin administrasiya rəhbərləri Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyaların işinə cəlb olunacaqlar. O, yerli icmaların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması və sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyaların işinə administrasiya rəhbərlərinin daxil edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb: “Gələn həftədən etibarən icmaların rəhbərləri yerlərdə arqumentlərini əhaliyə təqdim edəcəklər”.

Sərhəd kəndlərdə yaşayan ermənilərin bir qismi 4 kəndin Azərbaycana verilməsinə qarşı çıxır. Belə olan halda demarkasiya və delimitasiya üzrə komissiyaların işinə cəlb olunan yerli icmaların nümayəndələri bu məsələdə hansısa maneələrin yaradılmasına və ya işin uzanmasına cəhd edə bilərmi?

Politoloq Amid Əliyev Herbiand.az-a bildirib ki, Ermənistanın siyası hakimiyyətinin reallığı olduğu kimi sadə vətəndaşlara çatdırmaqla iki əsas məqsəd güddüyünü hesab etmək olar:

“Birincisi, Ermənistanın başqa yolu qalmayıb və ərazilər Azərbaycana qaytarılmalıdır. Başqa alternativ yoxdur. Bunun əksi artıq Tavuşda səsləndirilib. İkincisi isə, dövlətlərarası komissiyanın işinə sadə vətəndaşların müdaxiləsinin heç bir əhəmiyyətinin olmayacağı açıq mesajla bildirilib. Əgər dövlət bu barədə qərar veribsə, sadə ermənilərin iki yolu qalır - ya ərazini tərk edib getməli, ya da müqavimət göstərəcəyi halda qanunauyğun tədbirlərə qatlanmalı olacaqlar”.

Amid Əliyevin sözlərinə görə, bu kimi hallar ümumilikdə sərhədlərin müəyyən olunmasına və kəndlərin qaytarılmasına ciddi təsir edə bilməyəcək:

“Biz bunu Qarabağ proseslərində də açıq şəkildə gördük. 30 il orada qanunsuz yaşayan “psevdo qəhrəmanlar” 3 gün içində ərazini sürətlə tərk etdilər. Özü də könüllü. Kəndlərin Azərbaycana qaytarılması isə zaman məsələsidir. Ermənistan siyasi hakimiyyəti artıq çoxdan bu vəziyyətlə barışıb”.

Bəxtiyar CƏFƏRLİ